• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 09.02.2021 16:23

Qarabağda yenidənqurma üçün Britaniya şirkətləri ilə təmaslara başlanılıb

KepezTV Player

Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının mühüm hissəsidir. BP Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Bunu Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq qarşıda indi yeni imkanlar var. BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşfi üçün yaxşı perspektivlər var. Azərbaycanın region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatı yaratdığına diqqət çəkən İlham Əliyev buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərildiyini qeyd edib. Dövlət başçısı Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyaların bizə ölkəni müasirləşdirməyə çox kömək etdiyini, təxminən 600 Britaniya şirkətinin Azərbaycanda qeydiyyatdan keçdiyini vurğulayıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir. Hər şey dağılıb. Bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir.