• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 01.02.2021 09:23

Xiaomi cihazları uzaq məsafədən şarj edə bilən naqilsiz Mi Air Charge şarj texnologiyasını təqdim edib

Xiaomi şirkəti smartfonlar və digər elektron cihazlar üçün nəzərdə tutulmuş Mi Air Charge adlı yeni naqilsiz şarj texnologiyasını təqdim edib. Müəyyən cihazla kontaktı tələb edən ənənəvi naqilsiz şarj stansiyalarından fərqli olaraq Xiaomi-nin bu yeni texnologiyası cihazları bir neçə metr məsafədən şarj edə bilir. Mi Air Charge stasionar cihaz kateqoriyasına aid edilir və onun ölçüsü standart hava təmizləyici cihazının ölçüsünə bərabərdir. Onun daxilində 5 anten mövcuddur və həmin antenlər smartfonun ətraf mühitdə yerləşdiyi yeri təyin etməyə imkan verirlər.

Bununla yanaşı cihazın tərkibinə 144 ədəd naqilsiz şarj elementi daxildir. Onlar isə şüalanma üsulu ilə millimetrlik diapazonda olan dalğaları şarj olunan cihaza ötürürlər. Mi Air Charge-ın prototipi 5 vatt çıxış gücünə sahibdir və təsir radiusunda bir neçə smartfonu enerji ilə təmin edə bilir. Şirkətin məlumatına əsasən bu məsələdə fiziki maneələr şarj effektivliyinə təsir göstərmir. Gözləntilərə əsasən gələcəkdə bu cihaz naqilsiz qulaqlıqlar və smart saatlarla da uyğunlaşa biləcək. Xiaomi bildirib ki, hazırki mərhələdə bu texnologiya sadəcə nümayiş üçün yaradılıb. Cihazın istehsalı və satışa çıxması üçün o, bir sıra testlərdən keçməlidir. Şirkət təmsilçilərinin sözlərinə əsasən sözügedən cihaz 2022-ci ildən tez satışa çıxmayacaq.