• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 26.01.2021 20:30

Yeni Rabitə naziri təyin olundu

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək bu vəzifəyə təyin olunub. Ramin Quluzadə isə Prezidentin İşlər müdiri təyin edilib.

Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edərkən bu gün Azərbaycanın nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biri olduğuna diqqət çəkərək yeni nazirin də etimadı doğruldacağına əminliyini bildirib.

Prezident nəqliyyat, rabitə, texnologiyalar sahələrində görülən işləri müsbət qiymətləndirib

Ölkədə rabitə, nəqliyyat və yüksək texnologiyalar sahələrində əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev peyk texnologiyasının Azərbaycana verdiyi imkanlardan danışıb, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almağın bizə əlavə üstünlük yaratdığını deyib. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Müharibədən sonra - hazırda bizim bərpa işləri ilə bağlı planlarımız üçün də peyklərin çox böyük əhəmiyyəti var. Sizin mənə təqdim etdiyiniz məlumatlar əsasında biz indi daha böyük səmərə ilə minatəmizləmə işləri görürük. Eyni zamanda, kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir. Biz burada heç bir ölkədən asılı deyilik. Eyni zamanda, gələcəkdə bərpa işlərini düzgün təşkil etmək üçün bu imkanlar əlbəttə ki, bizə böyük üstünlük yaradır. Bir sözlə, Azərbaycanda həm nəqliyyat, həm texnologiyalar, həm də rabitə sahələrində görülmüş işlərə birmənalı şəkildə müsbət qiymət vermək olar. Bu müsbət qiyməti, o cümlədən dünyanın aparıcı maliyyə qurumları və Davos Ümumdünya İqtisadi Forumu vermişdir.

"Texnoloji təminat bizə əlavə imkanlar yaratdı"

Gələcək vəzifələrə gəldikdə, Prezident İlham Əliyev deyib ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gənclər bu işlərə daha geniş miqyasda cəlb edilməlidir. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Məsələn, nə üçün biz, ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq. Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək. Bu gün Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərib. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir. Texnoloji təminat, əlbəttə ki, bizə əlavə imkanlar yaratdı. Ancaq mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, torpaqları azad edən Azərbaycan əsgəri olub, Azərbaycan zabiti olub. Bayrağı azad edilmiş torpaqlara gətirən də və yüksəklərə qaldıran da Azərbaycan vətəndaşı olub.

"Azad edilmiş ərazilər yaşıl enerji zonası olmalıdır"

Texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yeniliklərin Azərbaycana gətirilməsinin vacibliyinə toxunan dövlət başçısı deyib ki, Azərbaycanın hərbi potensialı, müdafiə qabiliyyəti daim yüksək səviyyədə olmalı, heç vaxt heç kim bizə qarşı hər hansı bir təxribat törətməyə belə cəhd etməməlidir. Prezident İlham Əliyev azad edilmiş torpaqlarda bərpa işləri aparılarkən mütləq yüksək texnologiyalardan istifadənin vacibliyinə diqqət çəkib. Hazırda minalardan təmizləmə prosesinin getdiyini, paralel olaraq şəhərsalma layihələrinin icra edildiyini, bu layihələr hazır olandan sonra artıq praktiki inşaat işlərinə start veriləcəyini vurğulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır. aşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun. Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik.

Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələrinin icrasına başlanılıb.  Müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Ölkəmizin inkişafı üçün də indi yeni imkanlar açılıb. Dövlət başçısı vurğulayıb ki, müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərib. Prezident İlham Əliyevin sözlərinə görə, texnologiyalar, telekommunikasiya sahələrində artıq bir çox yerli şirkətlər yaranıb və həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərir. Onların xaricdəki fəaliyyətləri dəstəklənməli və burada da dövlət-özəl sektor tərəfdaşlığı bir nümunə olmalıdır. Dövlət başçısı sabiq nazir Ramin Quluzadənin fəaliyyətindən razı olduğunu da söyləyib.