• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 23.01.2021 12:39

İntensiv bağların ərazisi genişləndirilir

KepezTV Player

Samuxda intensiv bağçılığa maraq artıb. Ötən il rayonda 200 ha sahədə intensiv bağ salınıb. Fermerlərin hədəfi meyvə ağacları altındakı ərazini 500 ha-a çatdırmaqdır.

Bağçılıqda ağaclar əsasən intensiv və ekstensiv üsulla yetişdirilir. Ekstensiv üsuldan fərqli olaraq intensiv üsulda calaqaltısı gödək olan ağaclar çox yaxın əkilir. Bu ağaclar yığcam çətir əmələ gətirir və vahid sahədə ağacların sayını artırmağa imkan verir. Ekstensiv bağ sahələrində əgər hektara 300 meyvə ağacı əkilirsə, intensiv bağçılıqda təxminən 600-650 ağac əkmək mümkündür. Həmçinin intensiv üsulla əkilən ağaclar tez məhsul verir. Yəni 3 illik ağaclardan yüksək məhsul yığmaq mümkündür. Mütəxəssislərin fikrincə, vaxtında aparılan suvarılma, düzgün edilən arqotexniki qulluq yüksək nəticə verir.

Elnur Sadıqov fermer: Samux rayonunda intensiv bağçılıqla məşğul oluram. 4 il öncə təxminın 4 ha-a yaxın bağ salmışdım. Damlama sistemi ilə suvarırdım. Sağ olsun dövlətimiz 40 faiz kömək etməklə əlavə gəlirləri artırmaq üçün 7 ha əlavə bağ salmışam. Bunlar xarici çeşidlərdir və Respublikadan kənarda tələb olunan sortlardır.

Samuxda intensiv bağçılıq təsərrüfatlarıın salınması və bol məhsulun alınması üçün xaricdən gətirilən müxtəlif növ tinglər yerli iqlimə uyğunlaşdırılır.

Bu ağaclar şaftalı ağaclarıdır. Payız fəslində Türkiyədən gətirilən bu ağaclar müvəqqəti olaraq yerə basdırılıb. Fevral ayının axırı mart ayının əvvəlində isə intensiv bağçılıq üçün yenidən əkiləcəkdir.

Elnur Sadıqov fermer: Biz bunu xaricdən alanda dövlətimiz kömək olur, heç bir rüsüm ödəmədən biz bunları gətirib burda əldə edirik. Hələ ki, bu bağçılığımızı artırmaq fikrindəyik. Hələ az olduğu üçün daxili bazarda satırdıq. Bu ildən xarici bazarlara da çıxış edəcəyik. Həm daxili, həm də xarici bazarlarda məhsullarımız satacağıq.

Yeni qaydalara görə dövlət tərəfindən bağ salan fermerlərə yeni subsidiya qaydaları təyin olunub. Bu dəyişiklik isə intensiv bağçılığa marağı artırıb.

Rahil Həsənov Samux DAİM-in direktoru: Subsidiya şurasının qərarına əsasən artıq bu ildən intensiv bağçılıq salmış insanlara hər hektar üçün ildə 700 manat vəsait veriləcək. Bu 4 il ərzində həmin bağlar məhsula düşənə kimi davam edəcək. Bu da həmin bağlara çəkilən xərclərin 50 faizindən çoxdur. Bu böyük güzəşt və köməklidir. Xüsusi ilə bizim Eldar zonasında xurma bağlarının salınması ondan irəli gəlir ki, bu insanlar istehsal etdiyi məhsulları xaricə çıxara bilirlər ordan da çox etibarlı qazanc əldə edə bilirlər.

Samux rayonunda ötən il 1800 ha ənənəvi bağ sahələrindən 18 min 180 ton meyvə yığılıb. Meyvələrdən 8 min tonu xurma, 1000 tona yaxını alma, 800 tonu armud, yerdə qalanı digər meyvələrdir.

Elnur Vahidoğlu