• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 18.01.2021 19:21

Prezident İlham Əliyev Sumqayıtda iki zavodun təməlini qoyub

KepezTV Player

Azad edilmiş torpaqlarda müasir idarəetmə sistemi qurulacaq, şəhərsalma və dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin ediləcək. Qarabağın cənnətə çevrilməsi ilə yanaşı digər ərazilərin inkişafı da diqqət mərkəzində qalmaqdadır. Dövlət başçısı prioritetləri də açıqlayıb.

Kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial islahatlar davam etdiriləcək. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar. Bu, isə işgüzar münasibətləri genişləndirəcək. Prezident İlham Əliyev əmindir ki, müəyyən müddətdən sonra Ermənistan da anlayacaq ki, Azərbaycanla heç bir problemi yoxdur.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Ona görə ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm. Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək.

Dövlət başçısının fəaliyyətində Qarabağ bölgəsinin bərpasının xüsusi yer tutması təbiidir. Dağlıq Qarabağ münaqişəsinin tarixdə qalmasının Azərbaycana ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə investisiyalar gətirəcəyi də danılmazdır. Azad olunmuş torpaqların bərpası ilə yanaşı digər ərazilərin inkişafı da daha güclü Azərbaycanın qurulmasına töhfə verəcək.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin.

Bu il bölgələrə ilk səfərinə Şuşadan başlayan dövlət başçısının Sumqayıta səfəri isə ənənəvi iş fəaliyyətinin diqqətdə saxlanıldığını göstərir. Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlinin qoyulması, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlərin davamıdır.