• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1888
— 13.01.2021 12:07

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

KepezTV Player

"Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. Azərbaycan xalqının irsini məhv etmək istəyirdi". Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib ki, artıq Azərbaycan ziyanın qiymətləndirilməsi prosesinə başlayıb. Yaxşı tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərtərəfli qiymətləndiriləcək və bu, bizə təcavüzkar Ermənistan dövlətini beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: 44 günlük müharibə regionda vəziyyəti dəyişdi. Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq. Beləliklə, biz beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə etdik. Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir. Çünki biz demək olar ki, mümkünsüz kimi görünəni etdik. Zabit və əsgərlərimizin şücaəti və cəsarəti, müvafiq planlama, bütün xalqın sadiqliyi və birliyi ilə bunu etdik.
Biz hər şeyi bərpa edəcəyik. Biz hər şeyi ilkin vəziyyətinə gətirəcəyik, əraziləri yenidən quracağıq. Əminəm ki, gələn dəfə siz bizə səfər edəndə mənim Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyim Şuşanı da ziyarət etmək imkanınız olacaq.Mənim sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri də ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir. Bilirsiniz ki, bu məsələ son 3-4 il idi müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik isə Azərbaycanın hər zaman təşkilat üçün prioritet olduğunu və olmağa davam edəcəyini bildirib. "Azərbaycanın Qələbəsi ICESCO-nun qələbəsinin bir parçasıdır" deyə vurğulayıb.

Salim bin Məhəmməd əl-Malik - ICESCO-nun Baş direktoru: Mənimlə birlikdə ən önəmli insanlar gəlib. Mən onların baş verənlərin şahidi olmalarını və həmçinin Qələbəni qeyd etmələrini istəyirəm. Professor Rahey Ramor. O, elm və innovasiya sektorunun rəhbəridir və İslamabadda yerləşən COMSATS Universitetinin rektoru olub. Professor Məhəmməd Zeynalabdin. O, mədəniyyət üzrə baş katibdir və altı ay bundan əvvəl Tunisin mədəniyyət naziri idi. Səfir Xalid tərəfdaşlıq üzrə direktordur. Biz, həmçinin sivilizasiya dialoqu üzrə mərkəz də qururuq. O, Sudanın Mərakeş Krallığında səfiri və Sudanın sabiq Prezidentinin xüsusi müşaviri olub. Həmçinin cənab Sami. O, Misirin ən məşhur qəzetlərindən biri olan “Əl-Əhram”ın redaktoru olub. Beləliklə, görürsünüz ki, biz, ilk növbədə, Sizi təbrik etmək üçün buradayıq. Ölkənizə səfər edib Sizinlə görüşmək və bu mühüm Qələbənin qeyd edilməsində iştirak etməklə bağlı dəvətinizi yüksək qiymətləndiririk. Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Lakin dünən yerli hakimiyyət rəhbərlərində və vətəndaşlarda yenidənqurma əzmi və istəyinin şahidi olduq. Mən nazirlə söhbətimdə dedim ki, sadəcə, hökumətin dəstəyi ilə həmin insanlar Qarabağı yenidən quracaq. Biz dünən görüşdüyümüz hər kəsdə məhz bunu hiss etdik. Bu cür istəyi görmək bizi qürurlandırdı.))

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qələbə münasibətilə Prezident İlham Əliyevə xatirə olaraq 100-dən çox yaşı olan qılınc hədiyyə edib.