• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 12.01.2021 20:39

"Moskva görüşü regiona davamlı sülh gətirəcək"

KepezTV Player

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirdi və görüşün yekunlarına dair bəyanat imzalandı. Politoloqların fikrincə, dövlət başçısının bu səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir. Moskva görüşündə Azərbaycan Prezidentinin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışları diqqəti cəlb etdi. Bu görüş eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyanın həddən artıq gərgin, çaşqın, məyus durumu ilə yadda qaldı ki, bu məqam da siyasətçilərin, eləcə də qonşu ölkə mediasının diqqətindən qaçmadı. Dövlətlər arasında iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın imzalanması bir daha təsdiq edir ki, regionun gələcəyi perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli İşçi qrupun, yarımqrupların yaradılması görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Sənəddə əksini tapan ən mühüm məsələ martın 1-dək Azərbaycan və Ermənistan ərazisindən həyata keçirilən daşımaların təşkili, təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində vacib addımdır. Millət vəkili, politoloq Sevil Mikayılova dövlət başçısının Moskva səfəri, müzakirə olunan məsələlər və imzalanan sənədin perspektivləri barədə fikirlərini televiziyamızla bölüşüb.