• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 874
— 31.12.2020 20:38

Pandemiya və müharibənin arxa plana saldığı idman

KepezTV Player

Əksər sahələrdə olduğu kimi 2020-ci il idmanda da uğurlu illərdən olmadı. İl məşqsiz, yarışsız keçdi. Əslində isə yola saldığımız 2020-ci il məhz idman ili olmalı, idmançıların, məşqçilərin, azarkeşlərin üzü gülməli idi. Amma məlum koronavius pandemiyası bütün planları alt-üst etməklə idmanı geriyə saldı.

Hər şeydən əvvəl 2020-ci il olimpiya ili olmalıydı. İdman dünyasını planeti Yaponiyanın Tokio şəhərindən salamlayacaqdı. Lakin hamının arzusu suya düşdü və Olimpiya Oyunları koronavirus pandemiyasına görə təxirə salındı. Bütün dünyada olduğu kimi 4 illiyin ən böyük yarışı azərbaycanlı idmansevərlərin də həsrətlə gözlədiyi turnirlərdəndir. Axı bir qayda olaraq idmançılarımız azarkeşləri olimpiadalarda uğurlu nəticələrlə sevindirir. Bu yarışlarda olimpiya yığmamızın heyətində Gəncə idman məktəbinin yetirmələrinin də iştirakı yerli həvəskarlar tərəfindən xüsusi ilə gözlənilir.  Bu planda son iki oyunlarda Azərbaycana yüksək nəticələr qazandıran Toğrul Əsgərovun adını çəkmək yerinə düşər. Olimpiya çempionu əvvəlki formasında uzaq olsa da, istedadı və təcrübəsi ilə hamını təəcübləndirməyə qadirdir. Gəncə güləşində Toğrulun artıq davamçısı da yetişir. Bu, Turan Bayramovdur. Beynəlxalq arenada yeniyetmələr və gənclər arasında yüksək nəticələrə imza atan Bayramovdan indi daha böyük uğurlar gözlənilir.

Gəncədə Turan Bayramov adında daha bir idmançı var. Söhbət əməkdar məşqçi Xanəhməd Rzazadənin yetirməsi, cüdoçu Turan Bayramovdan gedir. Tatami ustası bu il nəticə verən tək-tük idmançılardan oldu. O, 23 yaşlılar arasında keçirilən Avropa birinciliyində bürünc medal qazandı. Turan da adaşı və həmsoyadı kimi ölkənin ən ümidverici idmançılarından biri sayılır.

Tokio Olimpiadası ilə yanaşı, bu il futbol üzrə Avropa Çempionatının final mərhələsi də təxirə düşdü. Qitə yarışına ev sahibliyi edəcək şəhərlər arasında Bakıda vardı. Azərbaycan paytaxtında turnirin 4 oyunu keçirilməli idi. 

2020-ci il pandemiya fonunda idman üçün medal, mükafat baxımından nəticəsiz il olsa da, idmançılar üçün bütün hallarda Vətən Müharibəsində əldə edilən Zəfərə görə yadda qalan il olacaq. “Cəmiyyətdə tutduğu statusdan asılı olmayaraq vətəni qorumaq hamının borcudur” deyərək ölkəmizin şərəfini beynəlxalq yarışlarda qoruyan bir qrup idmançı da haqq savaşına yollanaraq torpaqlarımızın bötüvlüyünün bərpasında iştirak etdi. Belə vətən oğulları haqda danışanda gənclər arasında Avropa çempionu, Qızıl Qran Pri, Yaşar Doğu kimi beynəlxalq səviyyəli nüfuzlu yarışların qalibi, hərbçilərin dünya çempionu Qalib Əliyevin adını çəkməmək mümkün deyil. Əliyev Qarabağ savaşında qazi olub. Adətən yarışlardan medalla qayıdan güləşçi bu dəfə döyüş meydanından dönəndə qoruyucu jiletdə ilişib qalan gülləni də özü ilə gətirib.

Vətən Müharibəsində şücayət göstərən oğullardan biri “Kəpəz”in futbolçusu Talıb Rzayevdir. O, Füzuli, Hadrut və Laçının azadlığı uğrunda gedən əməliyyatlarda iştirak edib. Döyüşlərin birində yaralanıb. Şəxsi igidlik və şücayət nümayiş etdirdiyinə görə Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Sənan Haqverdiyev Qarabağın azadlığı üçün Azərbaycan Ordusunun sıralarına qoşulanlar arasındadır. O, döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına yazılaraq dar günündə vətənin müdafiəsinə qalxıb. Sənan dəfərlərlə Azərbaycan çempionu, dünya ikinci, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Gəncədən cəbhəyə könüllü yollananlardan biri də Taleh Məmmədovdur. Orduya zabit kimi yazılan 34 yaşlı futbol hakimi həm də orta ümumtəhsil məktəbində fiziki tərbiyyə müəllim kimi çalışır. 14 ildir ki, müxtəlif liqa oyunlarında, I Divizionda hakimlik edən Məmmədov Qarabağda haqqı bərpa etmək üçün cəbhədə düşmən qarşısına keçib. &nbsp;<br>Vətən uğrunda döyüşən idman ictimaiyyətinin nümayəndələri sülhün, əmin-amanlığın təmin olunması ilə yenidən sevimli işinin başına dönəcək, medallar, mükafatlar qazanmağa başlayacaq.