Odlar yurdu Azərbaycan qədim zamanlardan başlayaraq öz igid, mərd oğulları ilə tarix yazıb. Şücaət göstərən, Vətən naminə çarpışan mübarizləri ilə dillərə dastan olub. Neçə-neçə qəhrəmanlıq səlnaməsi yazan igidlərin məmləkəti olan Azərbaycan cəsarətlə, əzmlə, vətənpərvərcəsinə döyüşlərə sinə gərən Babəklər, Cavanşirlər, Mübarizlər, Poladlar, Fəridlər, Xudayarlar və onların timsalında sayı-hesabı olmayan fatehlərin yurdu olub.
Senyabrın 27-dən başlayan şərəfli savaş yolu xalqını, Vətənini, torpağını dərin məhəbbətlə sevən qartal timsallı oğullara güc-qüvvət gətirdi, qələbəyə ruhlandırdı. Haqq savaşında cəngavərlərimiz yalnız irəli gedərək torpağımızın hər bir qarışını geri almaq üçün qəhrəmancasına vuruşdu. Canla-başla, heç nəyi düşünmədən, üzlərindəki qələbə təbəssümləri ilə döyüşə yollandı. Onların bir amalı var idi: işğal altında olan bütün torpaqlarımızı mənfur düşməndən azad etmək və xalqa qələbə sevincini yaşatmaq! Hər birinin dilində Vətən kəlməsi, doğma yurd-yuva nəğməsi avazlanırdı. Yorulmadan, əzmlə cəsurluq nümayiş etdirərək 44 günlük müharibədə misli görünməmiş şücaət göstərdilər.
Cox təəsüf ki, hec bir müharibə itkisiz olmur. Şəhidlər ölməz, Vətən bölünməz deyirlər, Şanlı tarixi yolda, haqq davasında savaşan igidlər ölmür, yaşayır! Dövlətimiz və xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canlarını qurban verənləri hər zaman qəlbində yaşadır, ruhları qarşısında baş əyir və onların əziz xatirələrini hörmət və ehtiramla anır.
Yaralı qəhrəmanlarımız, siz qələbəni biz yaşadan qazilərsiz. Hər birinizlə fəxr edirik, Allahdan tezliklə şəfa tapmağınızı diləyirik. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə tarix yazan igidlərimiz, torpaq uğrunda şücaət göstərən qazilərimiz heç vaxt unudulmayacaq. İndi biz müstəqil Azərbaycanın qalib vətəndaşlarıyıq! Azərbaycan ərazi bütövlüyünü öz qanı-canı bahasına bərpa edərək dünyaya günəş kimi doğdu!
Eşq olsun Azərbaycan xalqına və onun Ali Baş Komandanına! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
- Baxış: 1078