• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1847
— 19.12.2020 20:46

Qəhrəmanlıq dastanı yazan daha bir igid

KepezTV Player

Belə bir deyim var ki, qızlar ataya, oğlanlar isə anaya bağlı olurlar. Bu gün haqqında danışacağımız şəhid də anasına sevgisi ilə yaddaşlarda qalıb. Elə son arzusu, istəyi də onu dünyaya gətirən şəxs haqqında olub. Övladlarını, yox məhz anasını atasına tapşıraraq bu dünyadan köçüb ən ali zirvəyə, şəhidliyə ucalıb...

Abbas İsmayılov şəhid atası: Son danışığımızda anasını mənə əmanət etdi.

Atalar hər zaman vüqarlı dayanır... Bəs şəhid anaları necə??? Təbii ki, torpaqlarımızın azad olunması onlar üçün ən böyük təsəllidir amma 35 il yolunda saç ağartdığı övladı torpağa tapşırmaq Suranə xanım üçün asan deyil. Anamız Vətən sağ olsun deyir və ali baş komandana minnətdarlığını ifadə edir. Axı onun oğlunun qanı töküldüyü torpaqlar işğaldan azaddır...

Suranə İsmayılova şəhid anası: Mənə özündən müğayət ol deyərdi.

Bu ailə ilə tanış olanda illərdir tanıyırmış kimi hiss elədim. Bilmirəm bəlkə də, şəhidimiz burda doğulub, böyüyüb, yaşayıb deyə bizə belə hiss bağışladı. Bu zaman anladım ki, şəhidlər həqiqətən də ürəyində vətən sevgisi olan hər bir insanın qəlbində xüsusi yer tutur. Bir də balaca İlkin var bu evdə, təbii ki, o bizim üçün uşaqdır, amma əslində kiçik yaşında böyük ürəyə sahib olan gələcəyin hərbçisidir. Axı atası onu elə görmək istəyirdi.  Qəhrəmanımızın ilk göz ağrısı, nənə-babanın ilk nəvə sevgisi olan İlkinin tək arzusu atasının onunla bağlı xəyallarını gerçəyə çevirməkdir. Balacanın şəhid övladlarına sözü də var...

İlkin İsmayılov şəhid övladı: Atalarına rəhmət diləyirəm. Şəhidlər ölmürlər hər zaman qəlbimizdə yaşayırlar.

Ceyhun çox qohum, qonşucanlı biri olub. Elə əks hücum əməliyyatları başlamazdan bir müddət əvvəl əmisigildə qonaq olanda da əllərini öpərək sağollaşıb.

40 nömrəli tam orta məktəb vətən müharibəsində şəhid olan məzunu İsmayılov Ceyhun barədə müəllimlkəri də ağız dolusu danışır.

Yaşadığı müddətdə 3 medal, ölümündən sonra isə “Vətən uğrunda” medalı ilə təltif olunan şəhiddən geriyə suveren vətən və azad torpaqda yaşayan 3 uşağı qaldı. İlkin, Mədinə, Raul indi təkcə Ceyhunun yox bütün Azərbaycan xalqının balalarıdır.

Nərgiz Əhmədqızı