Futbol üzrə I Divizionda XI turun oyunları keçirilir. Tur çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda “Sumqayıt-2” komandasını qəbul edib.
Turnir cədvəlində mövqeyi arzulanan kimi olmayan və ardıcıl 4 görüşdə qələbə üzün həsrət qalan “sarı-göylər” elita klubunun əvəzedici heyəti ilə oyunda 3 xalı hədəfləyib. Amma cəzalı kapitan Əli Səmədovun yoxluğunda matç meydan sahiblərinin istədiyi kimi başlamayıb. Rəqib ilk yarıda iki qol vurmaqla “Kəpəz”i şoka salıb. Əvvəlcə 26-cı dəqiqədə kobud oyuna görə təyin olunan penaltidən Elçin Əsədov hesabı açıb. Hissənin sonlarına doğru Sumqayıt kollektivi müdafiə xəttindəki boşluqdan istifə edərək üstünlüyünü artırıb. Rüstəm Hümbətov fərqlənib. Fasilədə toparlanmağı bacaran gəncəlilər ikinci hissənin startında bərabərliyi təmin ediblər. 46-cı dəqiqədə Ruslan Süleymanov hesab arasındakı fərqi azaldıb. 47-cı dəqiqədə isə Yaşar Vahabzadənin yetirmələri Emil Qasımovun qolu ilə oyunda status-kvo yaradıblar – 2:2. Görüş elə bu hesabla da başa çatıb. Bu nəticədən sonra hesabına bir xal yazan “Kəpəz”in turnir cədvəlində mövqeyi dəyişməz qalıb. Gəncə klubu 16 xalla 6-cı pillədədir.
- Baxış: 986