Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür. Azərbaycan Ordusu Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərdi və qazandığı möhtəşəm zəfərlə şanlı tarix yazdı. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizin, bütün şəhidlərimizin əziz xatirəsi bu gün saat 12-də bir dəqiqəlik sükutla yad edildi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyublar. Azərbaycanın dövlət himni səsləndirildi.
- Baxış: 674