• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 30.11.2020 12:29

Atasının Qazi olduğu torpaqda şəhid olan igid

KepezTV Player

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlar sırasında kapitan Ruslan Qəhrəmanov da var. Murovdan Füzuliyədək döyüş yolu keçən zabit atasının Birinci Qarabağ savaşında qazi olduğu torpaqda şəhidlik zirvəsini fəth edib. Qəlbləri vətən, torpaq eşqi ilə döyünən Qəhrəmanovlar ailəsini daha yaxından tanıyaq.

Ruslan Qəhrəmanov əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. İlk zabit rütbəsini alıdqdan sonra cəbhə bölgəsinə yollanıb. Qəlbi daim torpaq eşqi ilə döyünən qəhrəmanın həyat yoldaşı deyir ki, Ruslanın yalnız bir amalı olub – torpaqları işğaldan azad etmək.

Elsevər Qəhrəmanova - şəhidin həyat yoldaşı: Ruslan çox vətənpərvər idi. Əvvəl deyirdi mənim üçün vətənim sonra ailəm. Çünki vətən olmasa ailədə olmaz. O həmişə vətənini uca tuturdu. Onun üçün müqəddəs idi bu torpaqlar. Çox arzulayırdı Qarabağ azad olunsun. Döyüşü çox həvəslə gözləyirdi.

İkinci Qarabağ Müharibəsində xüsusi təyinatlı bölyün zabiti kimi döyüşlərə qatılan igidimiz Murovdan-Füzuliyədək bir çox uğurlu əməliyyatlarda iştirak edib. Atasının qazi olduğu Füzuli uğrunda gedən döyüşlər isə Ruslan üçün sonuncu olur. Şəhid zabitin atası Mehman Qəhrəmanovla sonuncu görüşü zamanı dediyi sözlər isə qəlblərdə bir ömür boyu yaşayacaq.

Mehman Qəhrəmanov - şəhidin atası: Ayın 4-ü günü Ruslanın yanına gedəndə dedim oğul günortaydı gəl bir az çörək ye. Hərəmiz əlimizə bir az çörək aldıq günortadı yeyək. Dedi ata o çörək sənin boğazından necə keçir. Dedim o nə deməkdri günortadı çörək yeyirik. Dedi mən onu yeyə bilmərəm. Mənim döyüş yoldaşlarım döyüşdə ola-ola mən onu yeyə bilmərəm. Mən tez getməliyəm. Məndə onu tez yola saldım.

Şəhid anası da məğrurdur. Şəhid olan oğlu və qazi həyat yoldaşının qanının yerdə qalmadığı üçün.

Aygün Bədəlova - şəhidin anası: Yerdən qalxan övladlarımız üçün çox sevinirəm. Qürur duyuram oğlum müharibədə döyüşdü və fərxlə qəhrəmancasına şəhid oldu. Belə övlad böyütdüyümə görə fəxr edirəm.

Şəhid zabitimizdən geriyə bir oğlu və iki qız övladıdır. Ruslan Qəhrəmanovun böyük qızı Aygünün şəhid övladlarına verdiyi təsəlli isə qürurlandırmaya bilməz.  

Aygün Qəhrəmanova - şəhidin qızı: Mən bütün şəhid balalarına deyirəm ki, sizin atanız da mənim atam kimi vətən uğrunda şəhid olub. Sizin atalarınız həmişə yanınızdadır, qorxmayın. Onlar yanınıza gəlib gedirlər. Siz görməsəniz də onlar sizi görürülər. Onlar yuxarıda, düz Allahın yanındadırlar.

Şəhid kapitanın böyüyüb, boya-başa çatdığı Şəmkirin Keçili kəndində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün yeni bulaq kompleksi və xüsusi güşə yaradılıb. Yerli sakinlərin təşəbbüsü ilə görülən bu işlər torpaq uğrunda canlarından keçənlərin ruhu qarşısında hörmət əlamətidir.

 

Natiq Hüseyn