• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2265
— 28.11.2020 18:08

Dayısının yolunu davam edən şəhid

KepezTV Player

İkinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalanlar sırasında Seymur Alızadə də var. Şəmkirin Keçili kəndində böyüyüb boya-başa çatan əsgər Alızadə aprel döyüşlərinin də iştirakçısı olub. Müharibənin ilk günlərində cəbhəyə yollanıb, amma qayıdışı torpağa qovuşmaqla olub.

Əsgər Alızadə Seymur Mirzə oğlu. Şəmkirin Keçili kəndinin 22 yaşlı gənci. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və 2016-cı ilin aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib. İkinci Qarabağ müharibəsi başlayanda torpaq, vətən sevgisi onu yenidən silaha sarılıb cəbhəyə yollanmağa vadar edib.

Samirə İsmayılova şəhidin anası: Füzuli bölgəsində döyüşlər gedən vaxtı bir onu dedi ki, bu yoldan qayıdış yoxdur. Biz vətəni azad etməyənədk bizim qayıdışımızı gözləmə. Yəni dediyi də oldu. Onların qanı yerdə qalmadı. Murdar ermənilər bizim torpaqlardan azad olundu. Mən o sevinci yaşayıram. Həmişə özümə onu təsəlli verirəm mənim balamın qanı yerdə qalmadı.

Düşmənə layiqli müqavimət göstərən Seymur Alızadə Füzuli istiqamətində  gedən döyüşlərdə haqq dünyasına qovuşub. Yaxınları deyir ki Birinci Qarabağ Müharibəsində şəhidin dayısı Rövşən İsmayılov da xüsusi təyinatlı dətənin üzvü kimi Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Etibar İsmayılov şəhidin dayısı: Dayısı şəhid olub. Onun qanını almaq üçün döyüşə getdi. Döyüş bölgələrimiz çox idi. Ancaq o Füzuli bölgəsini seçdi və dayısının qanını almaq üçün o bölgəyə yollandı.

Seymur Alızadənin yoxluğunu indi onun yadigarı olan körpə qızı unutdurmağa çalışır. Həmin qızını isə qardaşına əmanət edib. Şəhidin qardaşı Seymurun daim vətən və torpaq sevgisi ilə alışıb yandığını, işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsinin arzusunda olduğunu deyir.

Samir Alızadə şəhidin qardaşı: Axırıncı dəfə telefonla danışanda dedi ki, biz o torpaqlar alınmasa gəlməyəcəm. Mənim uşağıma da yaxşı bax. Ola bilər gəldim ola bilər gəlmədim. Dedi mənim dayım da şəhid olub, onun qanını almaq üçün məcburam.

İndi həm Seymur, həm də şəhidin dayısı Rövşənin ruhları şaddır. Uğrunda qan tökdükləri torpaqda Azərbaycanın bayrağı dalğalanır.

Natiq Hüseyn