• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1611
— 09.11.2020 21:06

Həmişə 23 yaşlı tankçı Aqarunov

KepezTV Player

Artıq Şuşa azaddır. Hər birimiz üçün sevincli olan bu hal həm də şəhidlərin, o torpaqların işğal altına düşməməsi üçün canından keçənlərin ruhunun şad olması deməkdir. Hansı ki, onların sırasında əcnəbi əsillilər də az olmayıb. Ötən əsrin 90-cı illərinin əvvəlində Şuşa uğrunda gedən döyüşlərdə Albert Aqarunov da mübarizə aparıb. O Aqarunov ki, yəhudi əsilli olsa da tank komandiri kimi vuruşaraq həlak olub, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Adın nədir?

Albert.

Hansı millətdənsən?

Yəhudi.

Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?

Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir.

Bir vətəndaş kimi borcunu nədə görürsən?

Gəlib torpağı qorumaqda.

Tank üstündə, gülərüz, səmimi dayanan Albert Aqarunov. Bəli, yəhudi olan bu cavanı həqiqətən də heç kəs məcbur etmirdi ki, Birinci Qarabağ müharibəsində Azərbaycan xalqı üçün döyüşsün, ermənilərin torpaqlarımızı işğal etdyi o çətin dövrlərdə bizə kömək etsin. Ancaq o bunu edirdi, özü də ürəkdən, mərdi-mərdanə. Tank komandiri olaraq düşmənə sarsıdıcı zərbələr endirən, bir atışla iki tankı sıradan çıxaran Aqarunovun bu metodu döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını almışdı. Aqarunov 1992-cu ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında həlak olub.

Arif Babayev Gəncə Şəhəri Yəhudi Dini İcmasının sədri: Dünən Azərbaycan xalqı kimi Yəhudi xalqı Şuşanın alınmasına çox sevinmişik. Bu doöurdan da çox əlamətdar bir gündür. Bu hamımızın sevincidir. Tarixə yazılan bir gündür. 1992-ci ildə Yəhudi vətəndaşı Albert Aqarunov Şuşa uğrunda öz canını fəda verdi və milli qəhrəman adı aldı. O ürəkli canını fəda verən çox yaxşı əsgər olub. Bu gün onun ruhu şaddır biz onun valideynlərinə Şuşanın alınmasına görə göz aydınlığı veririk.

Yəhudilər bu gün də Vətən müharibəsində Azərbaycanın yanındadırlar. Hətta deyirlər ki, döyüş meydanında məğrur, igid əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa hazırdırlar.

Arif Babayev Gəncə Şəhəri Yəhudi Dini İcmasının sədri: Yəhudi vətəndaşı Azərbaycan uğrunda vuruşmağa hazırdı. Çünki hər bir yəhudi vətəndaşı Azərbaycanda anadan olub, Azərbaycanda böyüyüb, Azərbaycanın çörəyini yeyib. Hər bir Azərbaycanlı ailəsi ilə ailə qurur, övlad böyüyür. Biz Azərbaycan xalqı ilə mehriban, dostluq şəraitində yaşamağa hazırıq.

Mehman Əsgərov Gəncə Şəhəri Yəhudi Dini İcmasının üzvü: Bu bizim üçün böyük bir sevincdir. Çünki biz həmişə Azərbaycanda yəhudi xalqına olan tolerantlığı, mehribanlığı, qardaşlığı yüksək qiymətləndiririk. Biz həmişə bir-birimizə deyirik ki, Azərbaycanda olan  bu tolerantlıq dünya üçün etalondur. Bütün dünya buna etalon kimi baxmalıdır və baxır da. Biz bu xalqın ayrılmaz hissəsiyik. Özümüzü belə hiss edirik, Azərbaycan bizim vətənimizdir. Gəncəmiz bizim vətənimizdir. İcmanın üzvləri də  könüllü olaraq yazılmışıq, öz növbəmizi gözləyirik. İstənilən anda bizə gələn dəvət olsa biz dərhal müharibəyə getməyə hazırıq.

Tarixi çox qədimə gedib çıxan bu dostluq, eləcə də dövlətimizin tolerantlığının açıq təzahürüdür. Bu isə hər bir dövlətə mənsub olan xoşbəxtlik deyil.

Elnur Vahidoğlu