Bayraq Mənliyimdir, Bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim! Bu gün Azərbaycanın dövlət rəmzlərindən biri, müstəqilliyimizin, suverenliyimizin, əbədiliyimizin simvolu bayrağımızın günüdür! Bu gün Azərbaycan xalqı bu bayramı başqa bir sevinc, başqa bir xoşbəxtlik duyğuları ilə qeyd edir. Düz 28 ildən sonra Azərbaycan bayrağı yurdumuzun qədim-qayım torpaqlarında dalğalanır. Bu gün 28 illik həsrətdən sonra müqəddəs Şuşamız da öz doğma bayrağlna qovuşub. Azərbaycanda Dövlət Bayrağı Günü 11 ildir ki, qeyd olunur. Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib. Bu şanlı bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. 2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günüdür.
- Baxış: 133