• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 04.11.2020 12:02

Pandemiyanın psixoloji təsirləri

KepezTV Player

Koronavirus pandemiyasının fizioloji təsirləri hər kəsə bəllidir. Xəstəliyi yüngül formada keçirənlər belə artıq onun ciddi fəsadlar törətdiyinin fərqindədirlər. Amma məsələ burasındadır ki, Covid-19 nəinki fizioloji, psixoloji sağlamlığımızı da təhlükə altına qoyur. Son vaxtlar insanlar arasında yaşanan aqressiv situasiyaların çoxluğundan belə qənaətə gəlmək olur.

Yoluxma hallarının günü-gündən artması Covid-19 adlı bioloji düşməni hər kəsin qorxulu kabusuna çevirib. Bu dönəmdə ətrafda baş verənlərə biganə qalmağı bacarmayan, həssas kateqoriyadan olan insanlar ikiqat gərginlik yaşayırlar. Onlarda yaranan narahatlıq hissi zamanla yerini bir sıra patoloji vəziyyətlərə verir ki, bu da fobiya, depressiya, stress və digər kəskinləşmiş travmalarla psixoloqa müraciətləri artırır. Amma mövcud vəziyyət koronavirusa yoluxanlar üçün də təsirsiz ötüşmür.

Sara Babayeva - psixoloq: Koronavirusla bağlı müalicə alan xəstələrdə tanatafobiya əmələ gəlir. Onlar həm təşviş içində olur, sağlamlığıyla bağlı narahatlıq keçirir. Eyni zamanda qohumlar ondan uzaq durur. Keçən həftə mənim yanıma 14 gün xəstəxana şəraitində koronavirusdan müalicə almış şəxs gəlmişdi. Hansıki o artıq sağalıb. Amma özündə hələ də bir təşviş var idi. Yenidən yoluxa bilərəmmi? Qohumlarım, hətta övladlarım, həyat yoldaşım belə məndən uzaq durur. Mən ayrı bir otaqda oluram, heç kimlə əlaqə qurmuram. Onlar məndən çəkinib, qorxurlar.

Təsadüfi deyil ki, mütəxəssislər Covid-19-u həm də psixoloji pandemiya adlandırırlar. Kiçikdən böyüyə hər kəsdə təşviş və gərginliyə səbəb olan xəstəlik ona yoluxan insanların psixologiyasında daha dərin izlər buraxır. Bəs görəsən, belə olan halda orqanizmin müdafiə mexanizmini necə yarada, ümumiyyətlə, qorxu keçirməmək üçün nə edə bilərik?

Sara Babayeva - psixoloq: Koronavirusa yoluxan hər bir insan 14 gün müalicə müddətindən sonra mütləq ailə psixoloqu və ya tanıdığı, inandığı mütəxəssisə müraciət etməlidir. Çünki həmin şəxs 2 həftə ərzində ölümlə mübarizə aparır, qorxu içərisində yaşayır, artıq onun bütün psixologiyası pozulur.

Hər-halda insanın fizioloji sağlamlığı qədər psixoloji sağlamlığı da vacib nüansdır. Psixikasında ciddi narahatlıq keçirən şəxs cəmiyyət üçün heç nədən, nəticəsi yaxşı olmayan problemlər yarada bilər. Bu isə heç arzuolunan deyil. Odur ki, cüzi narahatlıqlar zamanı peşəkarlara müraciət ən doğru və yerində verilmiş qərar sayılır.