• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 02.11.2020 19:55

İkinci dalğa nə dərəcədə təhlükəlidir?

KepezTV Player

Covid 19-la bağlı ilkin mərhələ xəstə sayında ciddi azalma müşahidə olunduğu zaman bitmiş sayıldı. Necə ki, bir müddət əvvəl Azərbaycan da buna şahidlik etdi. Amma ardından yoluxmayla bağlı dəyişən vəziyyət pandemiyanın payız dövründə bizi haqladığını göstərdi. Maraqlıdır, çoxlarının dırnaqarası yanaşdığı indiki vəziyyət nə dərəcədə təhlükəlidir?

Əksər infeksion xəstəliklər kimi, koronavirus da bir mərhələdə yekunlaşmadı. Pandemiyanın yaz və yay aylarına təsadüf etməsi, vaxtında görülən tədbirlər onun təhlükə arealını hardasa azaltdı. Amma bir müddətlik. Çünki soyuq havalarda immun sistemi zəiflədiyi üçün xəstəliyə qarşı müqavimət azalır. Nəticə etibarı ilə yoluxma sayı artan dinamika nümayiş etdirir.

Şəhla Verdiyeva - terapevt: 100 il bundan qabaq ispan qripində də 2-ci dalğa var idi. Və təəssüf ki, 1-dən daha ölümcül idi. Çünki ispan qripinə davamlı immunitet yaranmırdı, 2-ci, 3-cü dəfə insanlar yoluxa bilirdilər. Covid zamanı 3-cü yoluxmanı demək hələ çox erkəndir. 2-ci dalğa zamanı məlum olacaq ki, təkrar yoluxmalar var ya yox.

Hazırki gedişata görə, xəstəliyin aktivləşməsi, soyan havalara görə insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi gözləniləndi. Məsafələrin azaldığı, təmasın çoxaldığı bir vaxtda isə yoluxma ehtimalının artması ehtimalı var.

Elşən Məmmədov - koronavirusdan sağalan şəxs: 24 yaşım var. Bu günə qədər sağlamlığımla bağlı ciddi problem yaşamamışam. Təxminən 1 ay əvvəl qızdırmam oldu, iy bilmə qabiliyyətimi itirdim. Amma yenə də, inanmadım ki, korona tutaram. Ta ki, atamın Covid-19 testinin cavabı pozitiv çıxana qədər. Onu öyrənəndən sonra şübhələrim artdı, mən də özümü yoxlatdım. Əfsuslar olsun ki, koronavirusa yoluxduğumu öyrəndim. Müalicəm həkim nəzarəti altında, ev şəraitində oldu. İndi özümü yaxşı hiss eləyirəm. Atam da sağalıb, özüm də.

Pandemiyanın payız dövründə bu kimi halların təkrarlacağından heç kim sığortalanmayıb. Məsələylə bağlı, ən pis məqam indiki dövrdə onun müalicəsinin daha ağır keçmək ehtimalının varlığıdır. Elə bu səbəbdən dolayı ikinci dalğa daha ciddi narahatlığa səbəb olur.

İnfeksiyanın simptomlarının bəzi şəxslərdə çox yüngül və ya asimptomatik olması xəstəliyə qeyri-ciddi yanaşmağa əsas vermir. Çünki həmin şəxslər belə başqalarını yoluxdura və ətrafdakılar üçün təhlükə mənbəyinə çevrilə bilər.