• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 996
— 28.10.2020 17:52

Zəngilan yolumuzu gözləyir

KepezTV Player

Artıq bir həftədir biz zəngilanlılar köçkün deyilik. Bu söz bizə ən doğma olan bir söz oldu. 27 ildir ki, biz bu sözü deyəcəyimiz günü gözləyirdik. Göz yaşı ilə sevincli deyilən sözlər Gəncədə məskunlaşan və artıq məcburi köçkün olmuyan bir ailənin üzvlərinə aiddir.

Nəsibə Xudaquliyeva Zəngilan sakini: İş yoldaşlarım, həyatım, gəncliyim, quracağım Zəngilanla bağlı hər bir şeyi erməni məhv etdi. Yaşadığın həyatdan bir an ayrılırsan və bilmədiyin bir həyata düşürsən. Çox əziyyətlər çəkirdik. Körpəsi qucağında olan gənc bir qadın, işin yox, yaşamağa yerin yox, içməyə belə su qabın yox. Həyatın ən çətin günlərini yaşadıq.

Düz 27 ildir yurd ağrı-acısıyla yaşayanlar, el-obalarından didərgin düşən Zəngilanlıların ümidi ölməmişdi. İnanırdılar ki, Zəngilana, kənd və qəsəbələrinə qayıdacaqlar. Bu ümidlə onlar yaşadılar, yaratdılar və övladlarını böyütdülər. Bu gün onların ümidi, yuxularının silinməz mənzərəsi reallığa çevrildi, Zəngilanın Genlik kəndininin sakinlərin də indi sevinclər biz məcburi köçkün deyilik deyirlər.

Nəsibə Xudaquliyeva Zəngilan sakini:  Tezdən durub hamıya dedim ki, belə bir yuxu gördüm ki, həyətimdə çoxlu cücələr var idi. Hamı dedi böyük bir müjdədir. Bacm qızı dedi ki, bu gün prezidentin müraciəti var. Bir saat oturub gözlədik. Qurban olduğum ordumuz, ali baş komandanımız Zəngilanı aldıq, Zəngilan bizimdir bizim olacaq deyərək Qarabağdı Zəngilan. O torpaqda qanı tökülən şəhidlərin qarşısında baş əyirəm. Əvvəl başımızı qoyacağıq Zəngilan torpağına şəhidlərin qanı tökülən torpağa sonra ayaqlarımızı basacağıq. Zəngilanı yenidən qurcağıq.

67 yaşlı  Zəngilan sakini İsmayıl Ağayev də işğaldan azad edilən Zəngilanına qovuşacağı günü səbirsizliklə gözləyir. Birinci Qarabağ döyüşlərində Zəngilanın özünün müdafiə dəstəsində vuruşan İsmayıl dayı illərin həsrətinə son qoyulmasının sevincini yaşayır.

İsmayıl Ağayev Zəngilan sakini: Bizdə dağlıq Süsən meşəsi var idi, Qotur su var idi. Bakıdan belə hamı ora müalicəyə gəlirdi. Sonra turş suları var idi. Qara, ağ mərmər yataqları var idi, qızıl yataqları var idi. Neçə gündür qaçqın, məcburi köçkün deyilik. Zəngilan vətəndaşıyıq. Qaçqın, məcburi köçkünlüyün üstündən xətt çəkildi.

Ismayıl dayının qızı Naibə Zəngilandan çıxanda 15 yaşında olub. Gəncliyinin ilk illəri əzab-əziyyətlə, çətinliklərlə dolu olub. Doya-doya yaşaya bilməyib həyatının o dövrünü. Ancaq bir vaxtlar şagird kimi çıxdığı doğma yurduna indi müəllim kimi dönəcək Naibə Ağayeva.

Naibə Ağayeva Zəngilan sakini: Bizim evimiz Dağ üstü park deyilən ərazidə yerləşirdi. O parkda hətta Xarıbülbül gülü də yetişirdi. Bu gül həm Şuşada, həm də Zəngilanda yetişirdi. Bu gülü biz gündəlik əlimizdə oynadırdıq. Dərib müəllimlərimizə aparırdıq, evimizdə qoyurduq. Şagird yoldaşlarımı indi də xatırlayıram hərdən əlaqə saxlayırıq. Zəngilanla bağlı xəyallarımız çox böyükdür. Mən müəlliməyəm inşallah fəaliyyətimi Zəngilanda davam etdirəcəm. Şagirdlərimi vətənpərvərlik ruhunda böyüdəcəm. İnanıram ki, Zəngilanın gələcəyi çox gözəl olacaq.

Rəşadətli Azərbaycan ordusu və müzəffər ali baş komandanın yaşatdığı zəfərin işğalda olan bütün torpaqlarımızda parlayacağına heç kimdə zərrə qədər də şübhə yoxdur. O isə çox da uzaqda deyil.

Elnur Vahidoğlu