• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1346
— 27.10.2020 19:14

Qarabağ qaziləri qələbəyə əmindilər

KepezTV Player

Bizim birinci Qarabağ müharibəsində edə bilmədiklərimizi hazırda müzəffər ordumuz cəbhədə tarix yazaraq edir. Fəxr edirik ki, Azərbaycanın belə güclü ordusu var. Keçmiş döyüşçülər ordumuzun müzəffər yürüşünü belə dəyərləndirirlər, hər an cəbhədə əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa da hazır olduqlarını bəyan edirlər. Cəbhə bölgəsində yerləşən Goranboydan olan Birinci Qarabağ müharibəsinin döyüşçüləri qalib əsgərlərin zəfərinə sevinir və onlarla fəxr edirlər.

Maşallah Abdullayev Azərbaycanın milli qəhrəmanı: İdman müəllimi işləyirdim, hamı mənə inanırdı. Bu gün də hamı məni çox istəyir. Müəllim kimi hamı hörmətimi saxlayırdı quş tüfəngi ilə  başıma yığılmışdı. Ağcakənddə çəpər-çəpərə idi o tərəfdə erməni idi bu tərəfdə də biz idik oradan çıxmadıq. Ölsəkdə bu torpaq bizim torpaqdır çıxmadıq və torpağımızı müdafiə elədik. Azərbaycanın ilk milli qəhrəmanı 1992-ci ilin iyun ayında mənə verilib.

Birinici Qarabağ döyüşündə qəhrəmanlığı ilə tariximizə öz adını yazan Maşallah Abdullayev. Goranboy rayonunda erməni quldurlarına qarşı mübarizəyə başlayan ilk könüllü dəstələrin yaradılmasında Maşallah Abdullayevin xidmətləri əvəzsizdir. Bu dəstələrin batalyon şəklində formalaşmasında da onun rolu danılmazdır. Ağcakəndin erməni işğalçılarından təmizlənməsində goranboyluların yazdığı qəhrəmanlıq salnaməsinə Maşallah Abdullayevin də adı həkk olunub. Bu gün ordumuzun cəbhədə qazandığı qələbələrə isə ürəkdən sevinir ilk milli qəhrəman.

Maşallah Abdullayev Azərbaycanın milli qəhrəmanı: Düzü belə döyüşümüz olmayıb. Şəhidlərin də ruhu gözündə qalmışdı. Öləndə oğlanlar var idi deyirdi ki, Maşallah mən öldüm vətən qaldı. Qulağımla eşidirdim. Bu gün onlar da rahat yatır. Bu gün vətəni belə azad görməkdən heç nə ola bilməz.

Qarabağ qaziləri indi də ordumuzun dəstəkçiləridirlər. Cəbhədəki qələblər onları daha da ruhlandırır.

Elmar Məmmədov Qarabağ qazisi: Onların gücü yoxdur ki, bizim ordunun qabağında dursun. Ona görə də şərəfsizlər dinc əhaliyə raket atırlar. Onların da artıq cavabını veririk. Bu günkü gündə hər günümüz döyüş bölgəsindədir. Onlara dəstəyik, onları ruhlandırırıq. Erməni şərəfsizin palkovnikini də öldürmüşük. O erməninin UAZ-ı 2016-cı ilindir. Onlardan qənimət kimi götürmüşük və qorxmurux o UAZ-ı onlara qarşı işlədirik. Düz onların ön nöqtəsinə kimi sürürük.

Goranboyda könüllülərdən ibarət batalyona rəhbərlik edən Rasim Əkbərov da Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə rəşadətli ordumuzun uğurlarına ürəkdən sevinir. Qarabağ qazisi 90-cı illərin əvvəlində gedən döyüşlərdə dəstəsi ilə birgə böyük şücaət göstərib.

Rasim Əkbərov Qarabağ qazisi: Adamın ürəyi dağa dönür. Biz edə bilmədiyimiz işləri onlar edir. İndi ordu, xalq, ali baş komandan yumruq kimi bir yerdədir. Möhkəmlənmiş idarə olunan tam təminatlı ordumuz var. Bir adamın sözü ilə dağa çıxan, dağdan düşən ordumuz var. Bu ordu ilə nə desən etmək olar.

Adil Əhmədov Qarabağ qazisi:Birinci Qarabağ döyüşlərində mən olmuşam Mənəş, Erkəc, Todan, Ağdərə zonalarında olmuşam. Bu gün yoldaşlarımla yenə də arxa cəbhədə ordumuza kömək edirik, arxada da dayanmışıq. Döyüşlərə də hazırıq.

Şövqü Həsənov Qarabağ qazisi:Ruh yüksəkliyi var. Hər gün demək olar ki, biz cəbhə bölgəsindəyik. Sevinirik, fəxr edirik Azərbaycan ordusu çox güclüdür. Düşmən qaçır tezlikləə qələbə çalınacaq.

Qarabağ qaziləri cəbhədən gələn xəbərlərin "Xankəndi, Şuşa azad edildi" xəbəri ilə, qələbə xəbəri ilə əvəzlənəcəyi günü səbrsizliklə gözləyirlər.

Elnur Vahidoğlu