Ermənilərin Gəncədə dinc əhaliyə yönələn raket atışlarını bu şəhərdən olan tanınmış idmançılar, məşqçilər də lənətləyir, yerli və xarici mətbuata hadisəni pisləyən açıqlamalar verirlər. Bu sırada Amil Həmzəyev də var.
Basketbol üzrə Azərbaycan yığma komandasının aparıcı üzvü federasiyanın rəsmi saytına verdiyi açıqlamada doğma şəhərində yaşananları terror adlandırıb. O, raket zərbələri zamanı həlak olan, xəsarət alan insanlara görə çox kədərləndiyini bildirib, düşmənin dinc sakinləri hədəfə almasını, onların artıq çıxış yolunun olmamasından və müharibə bölgəsində məğlubiyyətindən irəli gəldiyini deyib.
Qohumlarının, valideynlərinin Gəncədə yaşadığını deyən milli basketbolçu evlərinin zərbə endirilən ərazilərə yaxın məsafədə yerləşdiyini vurğulayıb. Həmzəyev təhlükəsizlik baxımından valideynlərinə müvəqqəti olaraq, Bakıya gəlməyi təklif etsə də, onlar düşməndən qorxmadıqlarını və Gəncəni tərk etməyəcəklərini söylərək onun istəyini qəbul etməyiblər.
Digər idmançılar kimi, Amil Həmzəyev də könüllü şəkildə müharibədə iştirak etmək üçün qeydiyyata düşüb və ordu sıralarına çağırılmaq üçün növbəsini gözləyir.
Ötən mövsüm “Gəncə” klubunu kapitan kimi Azərbaycan çempionatının bürünc medallarına daşıyan Amil Həmzəyev Moldova və Ukrayna klublarında legioner həyatı yaşayıb. O, yığmanın tərkibində 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı olub.
- Baxış: 261