• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 22.10.2020 20:39

"Qarabağ" zəfər yürüşünü davam etdirməlidir

KepezTV Player

Bu gün hamımız qarabağlıyıq, istər cəbhədə, istərsə də futbolda. Şanlı Azərbaycan Ordusunun zəfər yürüşünü davam etdirdiyi bir vaxtda Qarabağ adını Avropada uğurla təmsil edən eyniadlı komanda qitəmiqyaslı turnirdə növbəti sınağına çıxacaq.

Doğma yurd-yuvasından köçkün düşən Ağdamın “Qarabağ” klubu illərdir ki, bu adı köhnə qitənin futbol səhnəsində fəxrlə daşıyır, bu qədim diyarın təbliğatını aparır, dünyaya Qarabağın Azərbaycan olduğunu mesaj verir. Xüsusən də indiki məqamda Qarabağ adının Avropada səslənməsi mühüm əhəmiyyət daşıyır. Qurban Qurbanovun komandası ən azı ilin sonuna kimi düşmənlərimizə gözdağı verib nüfuzuna görə Avropanın ikinci klub yarışında “Qarabağ” Azərbaycan adını hallandıracaqlar. Bu məqamda digər önəmli məsələ qrup mərhələsində uğurla çıxış edib gələn yaza kimi turnirdə qalmağı bacarmaqdır. Qurbanovun yetirmələri elə bu məqsəd üçün İsrailə Təl-Əviv “Makkabi”si ilə oyuna yollanıblar. Ölkədəki hazırkı vəziyyəti də nəzərə alaraq Ağdam klubundan gözləntilər böyükdür.

Fazil Pərvərovla Həsən Abdullayev vaxtilə “Kəpəz”in heyətində “Qarabağ”a qarşı rəqib kimi oynayıblar. Amma bu gün ümumi məqsədlər hamını birləşdirib, dualar istəklər komandanın uğur qazanmasıdır. Elə vaxtilə bu klubun şərəfini qoruyan Firuz Qulami də ağdamlıların uğurlu nəticə ilə azarkeşləri sevindirəcəyinə inanır.

Cəbhədə vətən uğrunda döyüşən əsgərlərimizin zəfəri “Qarabağ” üçün növbəti motivasiya, ağdamlıların uğuru isə raket atışı nəticəsində zərər görən, xəsarət alan dinc əhali üçün təsəlli ola bilər. Gəncədəki məlum partlayışlar zamanı dağıntılar altından çıxarılan veteran futbolçu Emin Mustafayev də belə düşünür.

“Makkabi” – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Dünəndən Təl-Əvivdə olan Ağdam klubu sözügedən şəhərdə “Qarabağ Azərbaycandır” şüarı ilə qarşılanıb.