• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 678
— 21.10.2020 19:43

Zəngilan uğrunda canından keçən oğullar

KepezTV Player

I Qarabağ müharibəsi illərində Zəngilan erməni işğalçılarına qarşı rəşadətlə mübarizə aparıb müdafiə olunsa da, son nəticədə rayon mənfur düşmənə təslim olmaq məcburiyyətində qalmışdı. O dövrdə qüvvələr nisbəti, vahid komandanlığın olmaması və bu qəbildən digər səbəblər rayonun işğalını şərtləndirmişdi. Amma indi o dövr deyil. Güclü Azərbaycan Ordusu və onun bacarıqlı, səriştəli ali baş komandanı var. Bunun nəticəsidir ki, uzun illərdir istila altında olan doğma torpaqlarımız azad olunur, Azərbaycan bütövləşir. Bu istiqamətdə aparılan uğurlu əməliyyatlar nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri və rayonunun 6 kəndi işğaldan azad edilib.

Bu xəbər bütün azərbaycanlıların, xüsusən də məcburi köçkün həyatı yaşayan zəngilanlıların və həmin rayon üçün canından-qanından keçən şəhid yaxınlarının sevincinə səbəb olub. Axı şəhidlərin intiqamı alınıb, ruhu şad olub. Şəmkirin Ağlavaşlı kəndindən olan və torpaqlarımızın bötüvlüyü uğrunda əbədiyyətə qovuşan Sahib Əliyev də belə vətən oğullarından biridir. O, 20 yaşında şəhidlik zirvəsinə ucalıb.

Zəngilan uğrunda döyüşlərdə iştirak edən və şəhid adını qazanan mərd Azərbaycan övladlarından biri də Şərif Alməmmədovdur. Şəmkirin Qılıncbəyli kəndində doğulan Alməmmədov Sahib Əliyevlə birgə 1992-ci ilin aprelində daxili qoşunların tərkibində Bakıdan Zəngilana göndərilib. Onlar çiyin-çiyinə Qazançı və Ağkəndin düşməndən qorunmasında iştirak edərək, ağır döyüş yolu keçiblər. Ölümünə kimi Şərif iki dəfə sinəsini erməni gülləsinə sipər edərək yaralanıb. Amma hər iki halda yenidən döyüş meydanına qayıdıb, son damla qanına kimi qəhrəmancasına vuruşub və şəhid olub.

Şəmkirdə Şərif Alməmmədovla Sahib Əliyevin xatirəsi əbədiləşdirilib. Hazırda Qılıncbəyli idman meydançası Şərif Alməmmədovun, Ağlavaşlı kənd orta məktəbi isə Sahib Əliyevin adını daşıyır. Onların döyüş yolu bütün gənclər üçün nümunədir.