Yaşanan hər münaqişə neçə-neçə ailəni öz yerindən, yurdundan edir. Niyəsi, nəticəsi nə olursa olsun itirən yenə də günahsız, mülki əhali olur. Azərbaycanda məskunlaşan 1 milyondan artıq məcburi köçkün bu gün ata-baba yurduna qovuşacağı günü gözləyir. 27 ildir öz itkiləri ilə barışmayan kəlbəcərlilər kimi.
"Mərd ata, mərd oğul el misalıdır,
İgidin ürəyi öz mahalıdır.
Kişinin əzası qarışmalıdır,
ölən günü torpağına Vətənin"..qaçqın zümzümə edir.
Məcburi köçkün Musa Əziz qəlbində qalan məmnuniyyətsizlik hissi, bitməyən qüssəyə bu ifadələrlə həyat verir. Kəlbəcərin Başlıber kəndindən didərgin düşdüyü tarixi, yaşadığı çətinlikləri bu gün kimi xatırlayır.
Musa Əziz Kəlbəcərdən olan məcburi köçkün: Ermənilər işığımızı kəsdi yenə tərpənmədik, yollarımızı bağladı yenə tərpənmədik. Ümidlə gözlədik ki, bu vəziyyət düzələcək və torpaqlarımız geri alınacaq. Amma vəziyyət günü-gündən daha da pisləşdi. Yerlər alındı, biz də məcbur olduq 1993-cü ilin aprel ayında gördük daha heç cür qalmaq mümkün deyil. Ordan çıxası olduq. Piyada. O vaxt bizim əynimizdki paltardan başqa heç nəyimiz yox idi. Çox pis vəziyyətdə gəldik. Tək biz yox, hamı.
27 il əvvəl Kəlbəcərdən götürdüyü xatirə əşyası bu gün 72 yaşlı məcburi köçkün üçün Qarabağı gözləyən 30 illik ümidin açarına çevrilir. Musa Əziz gözü kimi qoruduğu əmanətin tezliklə həmin o torpaqlarda yenidən istifadə olunacağına inanır.
Musa Əziz Kəlbəcərdən olan məcburi köçkün: Biz bilirdik ki, gec-tez doğma torpaqlarımıza qayıdacağıq. Ona görə açarları özümüzdə saxladıq ki, qayıdanda ondan istifadə edək. İndi bilmirəm. Hər-halda orada ev qalmayıb. Onlar elə vicdansızdılar ki, bütün evləri də dağıdıblar. Mən ora gedə bilməsəm də oğlum, nəvələrim bu açarı aparacaq.
"Azərbaycan vətənpərvər oğullar yetişdirir və mərd xalqın nümayəndələri haqq savaşında mütləq ki, qalib gələcək". - deyən müsahibimiz əsl kişilər üçün əzəli torpaqlar uğrunda şəhidlik zirvəsinə ucalmağın böyük bir fəxr hissi olduğunu vurğulayır.
Musa Əziz Kəlbəcərdən olan məcburi köçkün:
“Vətən Vətən olmur dövlət malıyla
Vətən Vətən olur övladlarıyla”.
Azərbaycan ona görə xoşbəxtdir ki, onun həm dövləti, varı var. Həm də mərd oğulları var. Mən elə bilirəm ki, tezliklə qəti, tam qələbəmiz olacaq, xalq bunu bayram edəcək. Ondan sonra o yerlərin bərpa planı var. Necə ki, Cocuqmərcanlı bir neçə aya bərpa olundu. Bütün rayonlarımız da bərpa olunacaq.
Bu arzunun reallaşacağı indi hər kəs bəllidir. Bəlli olan bir də odur ki, müzəffər ordumuz, təkcə yerindən edilən 1 milyondan çox insanın doğma yurdlarına qovuşması üçün döyüşmür. Qəlbi Vətən nisgili ilə döyünən hər bir vətəndaş üçün mübarizə aparır.
- Baxış: 142