• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1451
— 21.10.2020 10:14

Vətən həsrətinin bitdiyi gün yaxınlaşır

KepezTV Player

Müzəffər ordumuzun düşmən tapdağından azad etdiyi ərazilər kiçikdən böyüyə hər kəsi qürurlandırır. Cəbhədən gələn ən kiçik müjdəli xəbər belə insanlar arasında ruh yüksəkliyi yaradır. Sözügedən vəziyyət məcburi köçkünlərdə isə ikiqat sevincə səbəb olur. Elə bu minvalla, hələ torpaq həsrətində olanlar da doğma yurdlarına qayıtmaq üçün səbrsizlənirlər.

Hazırda Gəncədə Füzuli rayonundan olan 35 ailə, 200-ə yaxın məcburi köçkün yaşayır. Hüseynovlar ailəsi də yaşadıqları çətinlikləri unudub, bu gün çalınan zəfərlərə sevinir. Səbrsizliklə doğma ata-baba yurdu, Füzulinin Aşağı Seyidəhmədli kəndinin işğaldan azad olduğu günü gözləyirlər.

Qarabağdan gələn qələbə xəbərləri ilə qürurlanan ailə artıq 27 ildir ki, qaçqın həyatı sürür. Təsadüfi deyil ki, ailənin gözünün ağı-qarası bircə oğul övladı da indi ordu sıralarında xidmət edir.

Erməni faşizminə təkcə füzulilər yox, kələbəcərlilər də canlı şahid olub. Düşmən vandalizminə yaxşı bələd olan bu rayonun sakinləri mənfur qonşumuzun dövlət olaraq niyyətinin məkrli olduğuna diqqət çəkirlər.

"Biz artıq məcburi köçkün deyilik" dediyimiz gün yaxındadır. Çünki qələbə uzaqda deyil, şanlı ordumuz toprağımızın hər bir qarışını işğaldan azad edəcək. Və biz eyni müsahiblərlə növbəti reportajımızı Aşağı Seyidəhmədli və İstisuda reallaşdıracağıq.