• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 19.10.2020 20:38

Fətəliyeva dünya ictimaiyyətinə erməni terrorundan danışdı

KepezTV Player

Ölkəmizi dünya arenalarında layiqincə təmsil edən Ülviyyə Fətəliyeva Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır.  Gəncə şahmat məktəbinin yetirməsi Qarabağ müharibəsində və erməni terroruna hədəf olan doğma şəhərində baş verənləri dünya mətbuatına daşıyıb.

Ülviyyə Fətəliyeva İtaliyanın The New Global Order internet portalına geniş müsahibə verib. Videogörüntü ilə saytın “youtube” üzərindən yayımına qoşulan şahmatçı xarici həmkarımızın suallarını cavablandırıb, mövcud durumla bağlı məlumatları izləyicilərin diqqətinə çatdırıb.  Beynəlxalq düşüncə mərkəzi kimi tanınan The New Global Order İtaliyanın dezinformasiya ilə mübarizə aparan elektron informasiya vasitələrindəndir. Həmyerlimizə Azərbaycan həqiqqətlərinin dünyaya çatdırılmasına şərait yaradan portalda müsahibə zamanı şahmatçımız Qarabağ münaqişəsinin başlamasının ilk vaxtlarından tutmuş son günlərə qədər yaşananlardan bəhs edib. Ülviyyə yaşadığı Gəncəyə endirilən ardıcıl raket zərbələrindən sonra həlak olanların və yaralananların çoxluq təşkil etdiyini bildirib. O, partlayış anında evlərinin sanki güclü zəlzələ olan kimi titrədiyini, atılan raketlərdən birinin atasının çalışdığı ali təhsil ocağının lap yaxınlığında yerə düşdüyünü və böyük dağıntıların baş verdiyini söyləyib. İlk raket atışında anasının duyğusal bir səslə “Gəncə atəş altındadır” dediyini xatırlayıb. O, doğma şəhərinin müharibənin getdiyi ərazidən xeyli uzaqda olduğunu açıqlamaqla dinc əhaliyə yönələn raket zərbələrini terror hadisəsi kimi dəyərləndirib.

Ülviyyə Fətəliyeva televiziyamıza açıqlamasında müharibə dövründə hamının üzərinə məsuliyyət düşdüyünü, hazırkı vəziyyətdə bir idmançı kimi vəzifəsinin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan ibarət olduğunu vurğulayıb.

Şahmatçımız yığma komandanın heyətində dünya və Avropa çempionatlarında yüksək nəticələr əldə edib. Beynəlxalq dərəcəli usta, qrossmeysterdir, FİDE-nin reytinqində ilk 100-lükdə yer alıb.