• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 16.10.2020 22:02

Malakanlar "torpaqlarımızı göz bəbəyi tək qorumalıyıq" deyir

KepezTV Player

Azərbaycan milliyyətindən, dilindən, irqindən, eləcə də dini baxışlarından asılı olmayaraq bütün insanların hüquq və azadlıqlarının bərabərliyi təmin edilən bir dövlət kimi tanınır. Ölkəmizdə azərbaycanlılarla yanaşı, illərdir ki, həyatı birgə bölüşdüyümüz milli azlıqlar da yaşayır. Onların sırasında malakanlar da var. Bu gün Azərbaycan Ordusunun haqq mübarizəsinə malakanlar dəstək verməklə yanaşı işğalçılara qarşı mətinlə, cəsarətlə döyüşən əsgərlərimizə dəstək nümayiş etdirirlər.

Malakanlar 19-cu əsrin əvvələrindən başlayaraq Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülüblər. Onlar əsasən kəndlərdə ayrıca icmalar şəklində məskunlaşıblar.  Tolerantlıq baxımından nümunə kimi özünü təsdiqləyən respublikamızda öz adət-ənənələrini, dillərini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli azərbaycanlılarla qarşlıqlı ünsiyyət qurub, mehriban şəkildə yaşayıblar, elə də bu gün də yaşamaqdadırlar. Malakanların Azərbaycanda məskunlaşdığı ərazilərdən biri də Gədəbəydir. Onlar rayonun üç kəndində - Slavyanka, Novosaratovka və Novoivanovkada yaşayırlar. Son günlər cəbhə xəttində baş verənlər bu torpaqda yaşayan hamı kimi malakanları da yaxından maraqlandırır, milli azlıq kimi onlar da şanlı ordumuzun zəfər yürüşünə dəstək verirlər.

Malakanlar bildirir ki, Azərbaycanda yaşamaları, çalışmaları üçün hər cür şərait var və onlar döyüşlərə baxmayaraq odlar yurdunu, evlərini tərk etmək haqda belə düşünmürlər. I Qarabağ müharibəsi zamanı da bu belə olub və indi də dəyişən heç nə yoxdur.

Valentina Bıçkova Gədəbəy sakini:“Oğlumun biri Rusiyada yaşayır. Kiçik oğlum isə bizimlə olur. Heç hara getmək istəmir. Çünki bura bizim vətənimizdir, hara gedə bilərik ki?! Biz burada lazımlıyıq. Təbii ki, müharibədən narahatıq. Amma ordumuz bizi qoruyur. Ötən əsrin 90-cı illərinin əvvələrində silahlı qüvvələrimizin təhcizatı yaxşı deyildi. Təşkilatlanmamış, formalaşmamış ordu var idi. Amma indi əksinədir, ordumuz güclüdür və biz çox rahatıq”.

Malakanları narahat edən digər məqamdır. Onları Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan həqiqətlərinin gizlədilməsi, mətbuatın təxribatçılara tərəf mövqe tutması narazı salır.

Qalina Əliyeva Gədəbəy sakini:“Kanallara baxırıq, sizin və Rusiya televiziyalarını izləyirik. Rusiya mətbuatının bəzi təmsilçilərinin birtərəfli mövqe tutmasından, həqiqətləri deməməsindən çox narahatıq. Bir qayda olaraq hirslənirik. Orada ermənipərəst insanlar oturub, Azərbaycanın əleyhinə danışırlar.

Özlərini həmişə bu ölkənin əsl vətəndaşı hesab edən malakan gəncləri Qarabağ müharibəsi başlayanda silaha sarılaraq erməni işğalçılarına qarşı döyüşüblər və hazırda da ön xətdə xidmət edirlər. Torpaqlarımızın bütövlüyü uğrunda verdiyimiz şəhidlər arasında malakanlar da var və Vladimir Koveşnikov onlardan sadəcə biridir. Malakanlar deyir ki, biz də azərbaycanlılar kimi, yaşadığımız ölkəni göz bəbəyi tək qorumalıyıq.