Ermənistan mənəvi öhdəliklərinə və qanunla nəzərdə tutulan məsuliyyətinə məhəl qoymayaraq azərbaycanlı uşaqları beynəlxalq sənədlərdə təsbit olunan əsas hüquqlardan, habelə Uşaq Hüquqları Konvensiyasında təsbit edildiyi kimi BMT Nizamnaməsində elan edilən ideallar, xüsusilə də barış, ləyaqət, bərabərlik və həmrəylik ruhunda tərbiyə edilmək hüququndan məhrum edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan tərəfindən Azərbaycanda uşaqlara qarşı törədilən kobud hüquq pozuntularına dair məlumatında belə deyilir. Atəşkəs rejimi dövründə 35-dən çox Azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Sentyabrın 27-dən Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 3-ü uşaq olmaqla, 47 azərbaycanlı mülki şəxs öldürülüb, 15-dən çox uşaq yaralanıb. Beynəlxalq təşkilatları Ermənistanın uşaqları və təhsil müəssisələrini qəsdən hədəfə almasına qarşı açıq reaksiya verməyə çağıran XİN həmçinin bu ölkəyə siyasi, maliyyə və xüsusilə də hərbi dəstək verilməsindən çəkinməyə səsləyib.
- Baxış: 133