• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1291
— 12.10.2020 14:15

Təsadüf, yoxsa qəsd? Bu kənddə evlər yanır

KepezTV Player

Şəmkirdən sonra Tovuz rayonunun Köhnə Qala və Alakol kəndlərində ard-arda yanğınlar qeydə alınır. Fərdi yaşayış evləri, ot tayaları alova qərq olur. Artıq 4 ev və bir neçə fərdi təsərrüfatda müəmmalı hadisələr baş verib. Yanğınların qəsdən və yaxud təsadüfən meydana gəldiyi hələlik məlum deyil. Sakinlər isə təşviş içindədirlər.

Görüntülər Tovuz rayonu Köhnə Qala kəndindəndir. Oktyabrın əvvəlindən qeydə alınan müəmmalı hadisələr sakinlərin nigarançılığına səbəb olub. İlk gündə yanğın iki fərdi yaşayış evində meydana gəlib. Həmin vaxt hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin köməyi ilə alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Amma evlərə xeyli ziyan dəyib.

Rauf Hümbətov - zərərçəkən: Kənddə artıq bir neçə evdir yanır. Nə qədər müraciət etmək olar?! Heç bu işin açılma yolu varmı, yoxmu bilmirik. Bütün camaat ayaq üstədir. Heç kim yatmır. Bunun bir sonu olacaqmı?

Fəridə Mehtiyeva – sakin: Gözlə ha gözlə cavanlar yenicə içəri girmişdi. Bir yanğın varıydı baş tərəfdə oradan gəlib içəri doldular. Heç əyinlərini soyunmamışdılar birdə gördük bura alışdı. Millət qaçdı heç kimi tuta bilmədik. Yandı kül oldu.

Ramizə Mehtiyeva - zərərçəkən: Bu qorxu içərisində yata bilmirik. Azacıq yuxua getmişdik bir də gördük aynadan alov vurur. Uşaq evdə dəli oldu:” Ay mama, yandı”. Birdə gördüm qonşu aynadan cağırır ki, çıxın ev yandı.

Əvvəlki iki halda yanğınların qısaqapanma və yaxud mavi yanacaqdan baş verdiyi güman olunsa da, sonradan bu ehtimallar özünü doğrultmayıb.

Cavid Cəfərov – sakin: harda boş ev var hər gecə yandırırlar. Onuda uşaqlar bütün cavanlar axtarırıq. Polislərdə axtarır tapa bilmirik. Gecələr heç kim yatmır. Uşaqlarda qorxur psixologiyaları pozulur. Tapılsa yaxşı olar.

Mübariz Məmmədov - zərərçəkən:  Evdə heç kim olmayıb. Bacım Bakıda olub. Gecə vaxtı gəlib yandırıb gediblər. Bu kənddə 4-cü hadisədir.

Mais Alıyev – sakin: Təmir olunmuş ev idi. Görün nə günə düşüb. Yəni bu evdə bundan sonra heç cür yaşayış ola bilməz. bax burada yataq otağıdır. Heç yaşamaq olmaz. İkinci mərtəbədə bu vəziyyətdədir.

Analoji hadisələr qonşu Alakol kəndində də qeydə alınıb. Bu dəfə fərdi təsərrüfatlarda ot bağlamaları yanıb və ya yandırılıb. Bütün hadisələrlə bağlı Tovuz Rayon Polis Şöbəsinə məlumat verilib. Hələlik yanğının kim tərəfindən törədildiyi, yaxud hansı şəraitdə baş verdiyi məlum deyil. Qeyd edək ki, avqsutun sonlarından sentyabrın ortalarınadək Tovuzla qonşuluqda yerləşən Şəmkirin Zəyəm-Cırdaxan kəndində ard-arda 10 müəmmalı yanğın hadisəsi törədilib.

Natiq Hüseyn