• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 11.10.2020 12:48

Şəhər stadionuna zərər dəyib

KepezTV Player

Gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin artilleriya zərbəsi nəticəsində bir çox obyektlər ziyan görüb. Həmkarımız Azad Rəfi belə obyektlərin birində olub.

Gəncə şəhər stadionu erməni terrorundan zərər görən obyektlər sırasındadır. Yarıməsrdən çox tarixi olan stadionda hazırda vəziyyət belədir.

Kadrlardan da göründüyü kimi şəhərə atılan raketlərin təsirindən yaxın ətrafda olan Gəncə stadionuna da ziyan dəyib. Məlum hadisədən sonra stadionun inzibati binasında qapı və pəncərə çərçivələri yerindən çıxıb, şüşələr qırılıb. Arena “Kəpəz” Peşəkar Futbol Klubu tərəfindən uzun müddətə balansında olduğu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsindən icarəyə götürülüb. Və stadion klub üçün baza rolunu oynayır. “Kəpəz”in əsas və müxtəlif yaş qrupları üzrə komandaları məşqlərini və oyunlarını burada keçirir.

Gecə stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Stadiondakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib.