• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2329
— 07.10.2020 16:14

Qələbə çalan Azərbaycan əsgəri

KepezTV Player

Bu gün Azərbaycan əsgəri Qarabağda şanlı tarix yazır. Elə bir tarix ki, bu igidlik, qəhrəmanlıq simvoludur. Bunu hər bir yaradıcı şəxs də öz qəlbində əbədiləşdirir və onu təxəyyülünün məhsulu olaraq yaradır. Elə gəncəli əməkdar rəssam Şərif Şərivov da belə yaradanlardandır.

Şərif Şərifov -Əməkdar rəssam: Bu qələbə əks sədası ilə bayraq sancılır və şaxə durmuş atda Azərbaycan əsgəri qələbə obrazını yaradır.

75 yaşlı sənətkar  Azərbaycan əsgəri obrazını mini heykəl üzərində yaradıb. Cəbhədə Azərbaycan ordusunun uğurlu əməliyyatlarından ruhlanan əməkdar rəssam yaratdığı obrazda qələbə çalan əsgərin Qarabağı işğaldan azad etməsini təsvir edib. At belində olan əsgər obrazı keçmişlə bu günün sintezi olaraq qəhrəmanlıq mücəssiməsi kimi təqdim edilir.

Şərif Şərifov -Əməkdar rəssam: Tarixi borcumuzdur. Dövlətimiz, xalqımız, millətimiz öz tarixini göz önünə gətirir. Biri var itir, onu sonra yada salırsan, biri də var ki, gözünün qabağında dayanıb Azərbaycan əsgərinin qələbə abidəsi. Bir azda ruhlanır və özünə ruh gətirir ki, bəli mən azərbaycanlıyam. Azərbaycan qəhrəmanlarının heykəllərini, abidələrini qoymalıyıq. Bu həm də tarix üçün səlnamə olmalıdır.

Görmək və duymaq baxımından fərqli olan abidələr səsizliyini qoruduğundan daha çox vizual sənət adlandırılır. Əməkdar rəssam da bu gün tarix yazan əsgərlərimiz qəhrəmanlığını həm vizual, həm də zehni olaraq təqdim etməyə çalışır.

Şərif Şərifov -Əməkdar rəssam:  Mən televizorda gördüm 16 tank vuran azərbaycanlı. Bu doğrudan da böyük qəhrəmanlıqdı. Necə mən buna əsər həsr etmiyəm. Bunlar canlarından keçiblər, vətən uğrunda öz mənliyinin gücü ilə hücuma keçiblər. Bu bizim üçün fəxrdir ki, bizim belə oğullarımız var.

Deyirlər ki, sənət o vaxt dünyanı fəth edir ki, o milli sədləri keçir və böyüyür, bütün xalqlara özünü göstərərək, sevdirir. Şərif Şərifov da yaratdığı bu qəhrəmanlıq obrazlarını dünyaya göstərməklə qəhərman Azərbaycan əsgərinin şücaətini çatdırmaq istəyir.

 

Elnur Vahidoğlu