• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 03.10.2020 10:04

Atəşkəsin şərti torpaqların azad edilməsidir

KepezTV Player

Azərbaycan öz torpaqlarına qaytaracaq, bu, ölkəmizin qanuni hüququdur və bu yoldan geri çəkilməyə hazırlaşmır! “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə prezident İlham Əliyev erməni təxribatının nəticəsi olan döyüşlərdən, muzdluların hərbi əməliyyatlara cəlb edilməsindən, vasitəçilik missiyasına çalışan tərəflərdən söz açıb.

Azərbaycan özünü müdafiə etməklə torpaqlarını işğaldan azad edir və bu mövqe dövlət başçısının xarici ölkə liderləri ilə telefon danışığından qarşı tərəfə çatdırılıb. Digər tərəfdən Ermənistan öz ərazisindən uzaq məsafəli raketlərdən istifadə edirsə bu silahları Azərbaycan üçün qanuni hədəfə çevirir. Və bununla da münaqişəyə üçüncü tərəfləri cəlb etməyə çalışır. Lakin atəşkəs istəyən tərəf kəndlərə, insanlara hücum edirsə, birtərəfli qaydada sülhdən danışmaq yersizdir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkli olduğumuzu 28 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzində toqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4 il bundan əvvəl olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir və Ermənistan tərəfdən siyasi və hərbi təxribatlar barədə dediklərimi nəzərə alsaq, düşünürəm ki, bu, tamamilə ağlabatandır".

Vasitəçi neytral olmalıdır

Amerika Birləşmiş Ştatları və Fransadan fərqli olaraq Rusiyanın münaqişə ilə bağlı mövqeyi xüsusidir. Obyektiv səbəblərə görə, Rusiyanın vasitəçiliyi  regiondan uzaqda yerləşənlərlə müqayisədə çox yüksəkdir. Bununla belə Azərbaycan hər üç ölkənin birlikdə neytrallığı qorumaqla missiyasını davam etdirmələrinin tərəfdarıdır.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək.

Sülhə istiqamətlənmiş mövqe

Azərbaycan münaqişənin regional xarakter daşımasının qəti əleyhinədir. Çünki təhlükəsiz region bütün ölkələrin maraqlarına xidmət edir. Ona görə də münaqişənin həllində vasitəçi olanlar Ermənistanı işğalı dayandırmağa vadar etməlidir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir.

Ərazi müqəddəratdan öndədir

Ermənistan işğal olunan ərazilərdən çıxdıqdan sonra, müharibə dayana, münaqişəyə son qoyula bilər. Müəyyən müddətdən sonra Ermənistan və Azərbaycan xalqlarının sülh şəraitində birlikdə yaşaması da mümkündür. Lakin məğlubiyyət acısını yaşayan Ermənistanın xalqların öz müqəddəratını təyinetmə məsələsini ərazi bütövlüyündən ön plana çıxarması beynəlxalq hüquqla da yolverilən deyil.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:  Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar, onlar Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar Yaxın Şərqdə yaşayırlar. Qoy, onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Əgər ermənilər özlərinə məxsus olmayan torpaqları istəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmin torpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərinin reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri taktikadır - gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra özlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlər hazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər. Onda baxaram onların reaksiyası necə olacaq.

Əhalisi az olanın muzdluya ehtiyacı var

Döyüşlərdə Azərbaycan tərəfdən hər hansı xarici ölkənin və ya qüvvənin iştirakına ehtiyac yoxdur. Ölkədə elan edilən qismən səfərbərlik ehtiyatda olan on minlərlə hərbi qulluqçunu ordu sıralarına cəlb etməyə imkan verir. Ermənistanın və Fransa Prezidentinin bunun əksini deməsi sözdən başqa bir şey deyil və əsassız itihamlardır. Azərbaycandan fərqli olaraq Ermənistanın buna ehtiyacı var.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:  Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır.

Ermənilər də bizim vətəndaşlarımızdır

Paşinyanın etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədi daşıyır. Onun hakimiyyətə gəlməsilə əvvəl işlənilmiş bütün prinsiplər məhv edildi və təxribatlar ön plana keçdi. Nəticədə danışıqlar dayandı. Buna görə də bütün məsuliyyət onun və hökumətinin üzərindədir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan. Erməni xalqı, - mən bir neçə gün bundan əvvəl Ermənistan xalqına müraciət etdim, - buna görə onu məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq".

Azərbaycan güc yolu ilə, itkilər verərək geri qaytardığı şəhərləri, kəndləri yenidən quracaq, onların əvvəlki adlarını bərpa edəcək, mədəni soyqırıma son qoyacaq. Bu, Azərbaycanın qanuni hüququ və tarixi vəzifədir və buna nail olunacaq!