• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 01.10.2020 20:54

Məktəbə hazırlıq qruplarında dərslər başladı

KepezTV Player

Bu gün onlar ilk dəfə olaraq orta məktəbə qədəm qoydular. Üzlərində sevinc olanı da var idi, ağlayanı da, hələ məktəbin nə olduğunu bilməyənlər də. Parta arxasında ilk dəfə əyləşib müəllim dinləyənlər bu dəfə fərqli qaydada, pandemiya qaydalarına uyğun şəkildə məktəbə gəliblər. Söhbət 5 yaşa qədər uşaqların məktəbəqədər hazırlıq qrupunda başlanan tədrisdən gedir.

Onlar bəlkə də arzunun nə olduğunu bilməsələr də kiçik qəlblərində böyük istəkləri var. Bu istəklərin önündə isə indiki dönəmdə dərslərini yaxşı oxumaq dayanır.

Hüseyn Musatafayev şagird: Dərslərimi yaxşı oxuyub, polis olmaq istəyirəm.

Tunar Hacızadə şagird: Mən dərslərmi yaxşı oxuyacam, gedib Qarabağda əsgər olacam. Sonra da həkim olacam, insanları ölməyə qoymuyacam.

Mələk Quliyeva şagird: Mən dərslərimi yaxşı oxuyub müəllimə olmaq istəyirəm.

Bu tədris ilində Gəncədə 5 yaşa qədər uşaqların məktəbəqədər hazırlıq qrupuna gedən şagirdlər yeni qayda ilə oxuyacaqlar. Pandemiyaya görə tətbiq edilən qaydalar ilk dəfə parta arxasında oturanlar üçün də keçərlidir. Sinif otağında 30 dəqiqəlik dərslər “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, Təmas oyunları, kimi məşğələləri əhatə edəcək. Şagirdlər qruplara bölünərək həftənin yalnız 3 günü ənənəvi qaydada dərsə gedəcəklər.

Naibə Ağayeva 26 saylı məktəb-liseyin müəllimi: Bizim məktəbdə də 7 sinif olmaqla 5 Azərbaycan bölməsi və 2 rus bölməsi olmaqla 150-ə yaxın şagird məktəbə qədər hazırlıq qrupunda təhsilə başlayacaq. Bizdə dərslər 30 dəqiqədir. Hər dərs müddətindən sonra 10 dəqiqə fasilədir və fasilədə uşaqları məktəbin həyətinə çıxardırıq. Onları oyunlarla məşğul edirik.

Nəzirə Qənbərova valideyn: Çox sevinirəm, öz övladımın timsalında bu məktəbə ilk dəfə qədəm qoyan bütün şagirdləri ürəkdən təbrik edirəm. Bizim balalarımız həmişə fəxr etsinlər, şərəf duysunlar başlarını dik tutsunlar ki, onlar Mübariz İbrahimov kimi, Polad Həşimov kimi qanları ilə tarixə imza atmış Azərbaycan torpağının vətəndaşıdırlar.

Məktəbəqədər hazırlıq qruplarında tədrisin təşkilinə nəzarət etmək üçün işçi qrup da yaradılıb.

Anar Qədiməliyev Təhsil İdarəsinin müdiri: Hər məktəb üçün məsul olan mütəxəsislər var. O mütəxəsislərin vəzifə borcudur ki, mütamadi olaraq həmin məktəblərdə bu qaydalara əməl olunmanı yoxlasınlar. Bunun üçün bizim yoxlama vərəqəmiz var. Bu vərəqədə suallar var və suallara rahatlıqla məktəb inspektoru məktəbləri sinifləri gəzərək o qaydaların necə əməl olunmasını özündə qeyd edir. Hər hansı bir problem olduğu halda dərhal rəhbərliklə müzakirə olunur və o problem aradan qaldırılır.

Bu tədris ilində Gəncədə 44 orta məktəb üzrə 166 qrupda 3185 şagird məktəbə gedir.

Elnur Vahidoğlu