Peşəsindən, cəmiyyətdə tutduğu mövqeyindən, yaşından və cinsindən asılı olmayaraq vətənin dar günündə hər kəs ayaqda olmalı, silaha sarılmalıdır. Çünki Vətən bizi çağırır. Bu gün cəbhəyə yollananlar arasında idmançılar, məşqçilər və bu sahədə çalışan digər vəzifə sahibləri də var. Bu, I Qarabağ müharibəsində də belə olub.
“Turan Tovuz” klubunun məşqçiləri Etimad Qurbanovla Eldəniz Hüseynov ötən əsrin 90-cı illərinin əvvəllərində sevimli peşələrindən bir müddət ayrı düşərək müharibəyə yollanıblar. Bütün cəbhədə olduğu kimi, düşmənlə sərhəddə yerləşən Tovuzda da vəziyyətin gərginliyi səbəbindən onlar könüllü olaraq ordu sıralarına yazılmaqla vətənin müdafiəsinə qalxıblar.
Etimad Qurbanovun döyüşdüyü dövrlərdə komandanın ehtiyacı olduğundan bir müddətdə futbol oynamaq imkanı da əldə edib.
Keçmiş döyüşçülər, indiki məşqçilər özlərinin və təmsil etdikləri klubun üzvlərinin döyüşə getməyə hazır olduğunu açıqlayıblar.
Hazırda Eldəniz Hüseynov doğma klubunda əsas komandada qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirir. Etimad Qurbanov isə “Turan Tovuz”un 11 yaşlılardan ibarət komandasını çalışdırır.
- Baxış: 272