• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1461
— 30.09.2020 20:11

İşğaldan azad edilən torpaqlarda bayrağımız sancılıb

KepezTV Player

Prezident İlham Əliyevdən Ermənistan höküməti və xalqına çağırış - döyüşlərin dayandırılması işğalçılıq siyasətinə son qoymaqla mümkün ola bilər. Əks halda Azərbaycan orsusu özünümüdafiə hüququnu yerinə yetirməklə düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edəcək. Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşən Ali Baş komandan, prezident İlham Əliyev dialoqa yersiz çağırış edənlərə də səslənib – bu işlə məşğul olan beynəlxalq təşkilatlar var.

Haqq yolunda olan Azərbaycanın mübarizəsi ədalətə və beynəlxalq hüquqa söykənir. Münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin doğma dədə-baba torpaqlarına qayıtması ilə nəticələnəcək. Dövlət başçısının sözlərinə görə, xilaskar Azərbaycan əsgəri erməni əsgərindən fərqli olaraq doğma torpağı uğrunda vuruşur.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır.

Cəbhənin Füzuli, Cəbrayıl və işğal edilən digər ərazilərdə şiddətli döyüşlər getdiyini və itkilər olduğunu bildirən prezident İlham Əliyev bunun erməni xalqına yönəlmədiyinə diqqət çəkib. Çünki Azərbaycanda yaşayan ermənilər digər millətlərin nümayəndələri kimi sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Bunu görməzdən gələn Ermənistan höküməti isə təxribatlara əl ataraq, şərtlər irəli sürərəkdanışıqlar prosesinə zərbə vurub.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın.

Siyasi müstəvidə olduğu kimi döyüş meydanında da məğlub olan Ermənistan rəhbərliyi bundan dərs çıxarmaqdansa, yeni təxribatlar hazırlayır, yaşayış məntəqələri atəşə tutulmaqda davam edir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir.

İndi bütün Azərbaycan xalqı üçün həqiqət anı olduğunu vurğulayan dövlət başçısı bunun sözdə və əməldə kimin kim olduğunu göstərdiyini bildirib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün. )) ((K/A)) Azərbaycan xalqında və ordusunda olan böyük ruh yüksəkliyi torpaqların işğaldan azad edilməsini şərtləndirir. Döyüşlərdə şəhid olan və yaralananların qanının yerdə qalmayacağı, tarixi Azərbaycan torpaqlarının əzəli sahibinə qayıdacağını deyən prezident İlham Əliyev yaralı hərbçiləri şəfa diləyib, tezliklə sağalıb normal həyata qayıtmalarını arzulaylıb.