• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 26.09.2020 21:23

Sərhədyanı kəndin yolu yaxşılaşdırılır

KepezTV Player

Regionların sosial-iqtisadi inkişafı istiqamətində yol infrastrukturunun müasirləşdirilməsi prioritet məsələlərdən biridir. Yolların yenidən qurulması həm insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, həm də rahatlığına xidmət edir. Son aylar pandemiya dövrü olsa belə bütün bölgələrdə bu yöndə işlər dayanmayıb. Elə qərb bölgəsində də. Bu regionda vacib əhəmiyyətə malik yolların tikintisi həyata keçirilir ki, yenilənən Qazağın Fərəhli kəndinə gedən yol da bu qəbildəndir.

Bu ilin 10 sentyabrda ölkə başçısının imzaladığı sərəncama əsasən tikilən yerli əhəmiyyətli Qazax - Yuxarı Əskipara avtomobil yolunun 13-cü km-dən ayrılan və Fərəhli kəndini birləşdirən yolun ümumi uzunluğu 5 km-dir. İnfrastrukturun Fərəhli kəndinə qədər olan hissəsi 3, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 km təşkil edir. Burada hərəkət hissəsinin eni müvafiq olaraq 6 və 4.5 metr olmaqla dəyişir. Sərhədyanı yolun yenidən qurulması kənd əhalisinin ürəyincədi. Çünki uzun illər onların istər rayon mərkəzinə, istərsə də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolu vasitəsi ilə qonşu rayonlara birbaşa çıxışında sözügedən yolun təmirsiz olması problemlər yaradıb. Hazırda yol boyu torpaq yatağının yararsız hissələri qazılıb çıxarılır və müəyyən hissələrdə yolun normativ eninin alınması üçün genişləndirilmə işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra isə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşəcək, uzunluğu 15, eni isə 8 m olan mövcud, 1 aşırımlı körpü əsaslı şəkildə təmir olunacaq.

Anar Nəcəfli AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədi ilə zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da müasir şəkildə yenidən qurulan yol qısa müddət ərzində vətəndaşların istifadəsinə veriləcək.

Bütün işlərin qrafikə uyğun həyata keçirilməsi üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub, işlərin vaxtında başa çatdırılaraq təhvil verilməsi planlaşdırılır.