• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 07.09.2020 19:59

Nəticələri ilə üz ağardanlar

KepezTV Player

Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən Gəncədən yüksək bal toplayanlarn əksəriyyəti 4-cü ixtisas qrupu üzrə imtahan verənlərdir. Hansı ki, onlar 650-dən yuxarı bal toplayaraq tələbə adını qazanıblar. İndi onları siz də tanıyacaqsınız.

Gecələrini gündüzlərinə qataraq məqsədlərinə nail olmaq üçün imtahanlar verənlər əziyyətlərinin bəhrəsini görüblər. Onlar arasında ən yaxşı nəticə göstərənlər Əli Quliyev və Nurlana İsazadədir. 31 nömrəli məktəbin şagirdi olan Əli 683, 26 nömrəli təhsil ocağının məzunu Nurlana isə 665 bal toplamaqla tələbə adını qazanıblar.

Əli Quliyev - tələbə: Ailəmdə məndən əvvəl bacım Tibb Universitetinə yüksək balla qəbul olub və hazırda məzun olub. Özümün də uşaq vaxtlarından tibbə, təbiət fənlərinə marağım olduğundan 4-cü ixtisas qrupuna yönəlmişəm. Təbii ki, bu balı toplamaqda əsas şərt məqsədyönlü olmaqdır. Abituriyent olduğum iki il ərzində sosial şəbəkələr, televizor və telefon kimi vasitələrdən uzaq durmağı üstün tutmuşam.

Nurlana İsazadə - tələbə: Məqsədim Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olmaqdır. Gələcəyin uğurlu cərrahı olmaq istəyirəm. Qəbul imtahanına az müddət qalanda pandemiya vəziyyəti yarandı. Buna baxmayaraq daim müəllimlərimizlə onlayn şəkildə əlaqədə olduq. Düzdür, əziyyət çəkdik və bunun bəhrəsini də gördük. Buna görə də öz müəllimlərimə təşəkkür edirəm.

Yüksək nəticə göstərənlər valideynlərini də sevindiriblər. Övladlarının tələbə adını qazanmasını arzulayan ata-analar gələcəkdə onların ixtisaslı kard olmalarını səbirsizliklə gözləyirlər.

Mehparə Qasımova - valideyn: Hər bir çətinliyin sonunda uğur var. O çətinliyə dözüb davam gətirə bilirsizsə, uğur qazanırsız. Onun üçün mən öz övladımı da, onlara aid edib demək istəyirəm ki, görünür uğur əldə edən, yüksək bal toplayan uşaqlarımızın hamısı bu çətinliklərə dözən uşaqlar olubdur. Mən onlara daha böyük iradə, daha böyük dözüm arzu edirəm.

Bu il Gəncədə 11-ci sinfi bitirən şagirdlərdən 2000-dən çoxu ali məktəblərə daxil olmaq arzusunda olub. Hansı ki, qəbul imtahanlarında iştirak edərək əldə etdikləri nəticəyə əsasən şəhər üzrə göstəricilərin bir qədər də yaxşılaşmasında pay sahibi olublar.

İsmayıl İsmayılov - Gəncə Şəhər Təhsil İdarəsinin müdür müavini: Pandemiya dövrünə baxmayaraq bu ilki məzunlarımızın nəticələri bizi sevindirməkdədir. Son məlumatlara görə 650-dən yuxarı bal toplayanlarımız əvvəlki illərdən o qədər də fərqlənmir. Biz bununla fəxr edirik və ümidvaram ki, bu ilki nəticələrimiz də keçən ilkilər kimi sevindirici olacaq və ali məktəblərə qəbul olan məzunlarımızın sayı bizi sevindirəcəkdir.

Hazırda tələbə adını qazanan abituriyentlər ixtisas seçimi mərhələsindədirlər. Proses toplanılan ballara əsasən sentyabrın 10-dan etibarən başlanacaq.