Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub. Dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.<br>Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.<br>İlkin araşdırmalarla müəyyənləşib ki, qeyd edilən ünvanda “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında fəalliyət göstərən “Kran Group” MMC-yə məxsus kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxan Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində ölüb, o cümlədən həmin ərazidə olan 6 avtomobil və kranın üzərinə aşdığı 9 mərtəbəli yaşayış binasının 3 mənzilinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla, cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.<br>Hazırda iş üzrə intensiv və zəruri istintaq hərəkətləri davam etdirilir.
- Baxış: 1098