• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1949
— 03.09.2020 15:36

Samuxun suvarma kanallarında qabaqlayıcı tədbirlər görülür

KepezTV Player

Samux rayonunda əkin sahələrini normal qaydada suvarma suyu ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Əsas suvarma mənbələri olan çay və kanallarda təmizlik işləri aparılır. Qabaqlayıcı tədbirlər əvvəlki ilərdə yaşanan çətinlikləri aradan qaldırıb.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Gəncə İxtisaslaşdırılmış Təmir Quraşdırma və Sazlama İdarəsinin xüsusi texnikaları vasitəsi ilə Samuxda kanallar kol-kosdan və lildən təmizlənir. Bu günədək rayonun müxtəlif kəndlərində 223 kilometr uzunluğunda kanalın su axını yaxşılaşdırılıb. Hazırda işlər Hacıalılar kəndində davam etdirilir.

Sabit Verdiyev - Hacıalılar kənd icra nümayəndəsi: “Hacıalılar kəndində 500 hektar əkin sahəsi var. Hacıalılar kəndi aqrar kənddir, hamı əkinçiliklə məşğul olur. Ona görə də suyun vaxtlı-vaxtında sahəyə çatdırılması üçün ən vacib işlərdən biri kanalların işlənməsidir. İndi bizim kənddə də kanallar təmizlənir. Bu da əkinçiləri sevindirir”.

Təsərrüfatları normal su ilə təmin etmək üçün paralel olaraq su qurğuları da yenilənir. Görülən qabaqlayıcı tədbirlər nəticəsində mövcud 25 nasos stansiyası və 539 subartezian quyusunun dayanıqlı işləməsi təmin edilib.

Şahin Kazımov - Samux SSİ-nin baş mühəndisi: “Təsərrüfatdaxili kanallarımız tam təmizlənib, əhalinin istifadəsinə verilib. Hal-hazırda Burunqovaq və Eldar zonasında bu işlər aparılır. Bu istiqamətdə işlərimiz gedir, elə bir çətinliyimiz yoxdur”.

Hazırda Samux rayonunda 15 yeni artezian quyusunun qazılması istiqamətində iş aparılır. Rayonda ümumilikdə 26600 hektar əkinəyararlı torpaq sahəsi var.

Natiq Hüseyn