• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2253
— 31.08.2020 12:02

Modul tipli növbəti hospital açılıb

KepezTV Player

Ölkədə modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub, amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər”. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edən Prezident İlham Əliyev deyib ki, bütün bunlar bir daha onu göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir.

Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrdə, bütün şəhərlərdə müasir tibb ocaqları yaradılıb. COVID ilə mübarizədə səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Son həftələr ərzində koronavirusla mübarizədə vəziyyətin daha müsbət olduğuna diqqət çəkən dövlət başçısı bu dinamikanın bundan sonra da qorunub saxlanılacağına ümidini ifadə edib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: ... biz postpandemiya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibdir. Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb.

Buna qədər isə öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq. Əgər müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, bundan sonra da yumşalma tədbirləri görüləcək. Bununla bərabər, artıq fəal açılışlara gedən ölkələrin təcrübəsinə də nəzər salınacaq. Prezident İlham Əliyev deyib ki, hazırda bir neçə ölkə artıq öz sərhədlərini və bir çox obyektlərini açıb, turistləri qəbul etməyə başlayıb. Ancaq həmin ölkələrdə xəstələrin sayı kəskin artıb. Bu da bir daha onu göstərir ki, bu xəstəlik heç də yoxa çıxmayıb. Bu xəstəlik var və belə olan halda dövlət tərəfindən bütün lazımi addımlar atılmalıdır, eyni zamanda, vətəndaşlar da çox sadə qoruyucu metodlardan istifadə etməlidir - məsafə saxlamalı, maska taxmalı, dezinfeksiya vasitələrindən istifadə etməlidir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Əlbəttə ki, bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və daha ehtiyatlı addımların atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, - hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir. Çünki dövlət üzərinə nə düşübsə, onu edib - qeyd etdiyim addımlar, ayrılan vəsait. Hətta baxmayaraq ki, dünyada neftin qiyməti hələ də aşağı səviyyədədir və iqtisadi sahədə tənəzzül var, biz büdcəmizi artırmışıq. Büdcəmizə əlavələr edildi, büdcə dürüstləşməsi aparıldı və bunun əsas məqsədi pandemiyaya qarşı mübarizədə daha da səmərəli addımların atılması və vətəndaşların sosial müdafiəsinin təmin edilməsidir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu qalıb və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Əfsuslar olsun ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək.

Prezident İlham Əliyev bir daha bəyan edib ki, görülən bütün işlər bu vəziyyətdən az itkilərlə çıxmaq məqsədi daşıyır. Dövlət başçısı əminliyini bildirib ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq.