Bu gün erməni vəhşiliyinin daha bir nümunəsi – Ballıqaya faciəsindən 28 il ötür. 1992-ci ilin bu günü Goranboy rayonunun Ballıqaya kəndində əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan 24 mülki şəxs amansızlıqla qətlə yetirilib. Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri Laçını işğal etdikdən sonra rayondan olan məcburi köçkünlərin bir qrupu ailələri ilə birgə Göygöl rayonu ərazisində, Murovdağın ətəklərində Sarıqaya adlanan ərazidə məskən saldı. Bəzi ailələr isə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar. 1992-ci ilin avqustunda fərqli yerlərdə məskən salan qohumlar yaşadıqları ərazilər heyvandarlıq üçün əlverişsiz olduğundan daha yaxşı hesab etdikləri Goranboy rayonunun Ballıqaya kəndində Gülüstan meşəsi adlanan ərazidə alaçıqda məskunlaşdılar. Bir müddət sonra başlarına nə gələcəyini bilmədən, qısa zamanda Laçına dönmək ümidi ilə...
Laçının Şamkənd, Kürdhacı, Nağdalı kəndlərindən olan məcburi köçkünlər Ballıqayada məskunlaşdıqdan üç gün sonra - 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin 10-12 nəfərlik diversiya qrupu alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutur. 24 nəfər bu insalığa sığmayan vəhşiliyin, ermənilərin ənənəvi qaniçənliliyinin növbəti qurbanları olub. Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan ermənilər hər kəsi öldürdüklərini zənn etsələr də, 5-i ağır, 4-ü yüngül yaralı olan 9 nəfər təsadüf nəticəsində sağ qalır. Hadisə zamanı hər iki valideynini itirən 3 azyaşlı uşaq da xəsarət alıb.
Qətliam qurbanlarından ən kiçiyi 6 aylıq, ən yaşlısı isə 93 yaşında olub. Meyitlərin bir çoxu yanaraq tamamilə tanınmaz hala düşüb.
Şəhid olanlar qohumlarının məskunlaşdıqları Bərdənin Qaradəmirçi, Alpout, Tumaslı, Nazırlı, Ağdamın Güllücə kəndlərində dəfn olunublar.
Bu faciə Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Qaradağlıda, Xocalıda, Ağdabanda dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmək niyyəti ilə törətdikləri silsilə qırğın aktlarından biri idi. Baxmayaraq ki, Ballıqaya nə ermənilərin iddia etdiyi Qarabağın dağlıq hissəsində, nə də Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən strateji yolun üzərində yerləşirdi.
Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Vurğulanır ki, Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, beynəlxalq konvensiyaların ciddi şəkildə pozulmasıdır. Azərbaycan milli qanunvericilik və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkan və milli mexanizmlərdən istifadə etməklə, özünün mülki əhalisinə qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərə adekvat hüquqi qiymətin verilməsi və günahkarların ədalət məhkəməsinə təslim edilməsi məqsədilə bütün zəruri addımları atmağa davam edəcək.
- Baxış: 463