Gənclər və 23 yaşlı velosipedçilərdən ibarət Azərbaycan yığma komandaları qərb regionunda toplanışı davam etdirirlər. Avqustun əvvəlindən başlayan məşqlər qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.
Təlim-məşq prosesi Tovuz, Gədəbəy və Şəmkir rayonlarını əhatə edir. Velosipedçilər gündə iki dəfə hazırlıq keçirlər. Gün ərzində maksimum 170, minimum 100 km məsafəni qətt edirlər.
Yığma üzvləri koronavirus pandemiyası ilə bağlı uzun müddət qrup halında məşq edə bilməyərək ev şəraitində müəyyən çalışmalarla kifayətləniblər. Yalnız ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması ilə açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilməsindən sonra velosipedçilər kollektiv məşqlərə başlayıblar.
Qərb toplanışı üçün yığmaların heyətinə 11 pedal ustası cəlb olunub. Hər iki yaş qrupu üzrə komandaya Əbülfəz Məmmədov rəhbərlik edir.
- Baxış: 1210