• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 26.08.2020 19:28

Şəmkirdə suvarma kanalları lildən təmizlənir

KepezTV Player

Bir neçə gün əvvəl ölkə ərazisində müşahidə olunan yağışlı hava bir sıra fəsadlar yaratsa da,  kənd təsərrüfatı ilə məşğul olanların üzünü güldürüb. Qərb bölgəsində su sarıdan çətinlik çəkilən ərazilər təbii yolla suvarılıb. Şəmkir rayonunda su itkisinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Gəncə İxtisaslaşdırılmış Təmir Quraşdırma və Sazlama İdarəsinin ağır texnikaları bir neçə gündür Şəmkir rayonunda kanallarda iş aparır. Axının yaxşılaşdırılması məqsədilə kanallar lildən və kol-kosdan təmizlənir. Bugünədək bir neçə kənddə, eləcə də uzunluğu 11 kilometr olan, “dörd tümən” adlandırılan kanalda işlər başa çatdırılıb.

Rəşad Orucov - sahə rəisi: Keçili kəndində mövcud olan arxlarda təmizlik işlər tam başa çatdırılıb. Hazırda Qədimqala kanalında bu işlər gedir. Məqsədimiz su itkisinin qarşısını almaqdır.

Görülən qabaqlayıcı tədbirlər Şəmkirli fermerləri sevindirməyə bilməz. Çünki suyun vaxtında və itkisiz sahələrə çatdırılması üçün kanalların vaxtaşırı təmizlənməsi vacib tədbirlərdən hesab olunur.

İmamverdi Ələsgərov – fermer: Arxı təmizlədilər, indi gözəl olacaq. Həm də suyumuz, məlum məsələdir, qıtlıqdır, indi bir az artacaq.

Şəmkir rayonunda 40 min hektardan çox suvarılan torpaq sahəsi var. Bu ərazilər Şəmkirçay su anbarı, mövcud subartezian quyuları, kanallar və rayon ərazisindən keçən çaylar vasitəsi ilə suvarılır.

Natiq Hüseyn