• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 740
— 25.08.2020 20:38

Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul edib

KepezTV Player

Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır. Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Bu yarışlar bundan sonra da iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək. Bu barədə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu məsələlər bizim dövlətlərarası münasibətlərimizin çox geniş gündəliyinin tərkib hissəsidir. Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər.

"Azərbaycan komandası yaxşı çıxış edir"

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu isə öz növbəsində Azərbaycana səfərin həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik, hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət olduğunu bildirib. Sergey Şoyqu yarışlarda Azərbaycan heyətinin uğurundan da söz açıb.

Sergey Şoyqu Rusiyanın Müdafiə naziri: Azərbaycan heyəti start götürdü. Biz onu müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə tuturam. Azərbaycan komandası qalan yarışlarda da kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm. Əlbəttə, bu tədbirlər və keçirilən sərgi dünyada geniş işıqlandırılır. Onu da qeyd etməmək olmaz ki, bizim bu sərgidə göstərdiklərimiz bu gün üçün ən müasir silahlardır. Digər tərəfdən bizi sevindirməyə bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir. Bu yarışlar həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada ənənəvi qonaqpərvərlik və bu yarışların təşkili, əlbəttə, ən yüksək səviyyədədir. Əvvəllər bu yarışlar on ölkədə keçirilirdi, lakin təəssüf ki, pandemiya səbəbindən ölkələrin sayı beşə enib. Xoşbəxtlikdən, Azərbaycan bu beşlikdə qalıb.