Müvafiq icazələri olmadan qanunsuz ov etməyə çalışan şəxslərə qarşı da tədbirlər davam etdirilir. Əsas evimiz olan təbiətə vurulan ziyan bağışlanılmazdır. Odur ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat keçiriblər.
Lənkəran şəhərində “Qızılağac” Milli parkında qanunsuz olaraq quş ovlanmasının qarşısı alınıb. Həmin şəxslərə məxsus motosikletlərə baxış zamanı müxtəlif ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı aşkar edilən motosikletlərin heç bir sənədinin və qeydiyyat nişanlarının olmadığı da aydınlaşıb. Daha bir əməliyyatla Xəzər dənizinin Hövsan-Türkan istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Suraxanı rayon sakinləri Həmid Aslanov və Bəhruz Hüseynov saxlanılıblar. Baxış zamanı həmin şəxslərdən qayıq, tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi profilaktik söhbətlər aparırlar. Müvafiq qərara əsasən sentyabrın 1-nə qədər balıq ovlanması qadağandır. Balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Balıqçılar hansı növə aid balıqların tutulmasına icazə verildiyi barədə məlumatları isə Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 1591