• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 21.08.2020 19:25

Azyaşlı qardaşları maşın vurub

KepezTV Player

Abşeronda avtomobilin vurduğu azyaşlı dünyasını dəyişdi. Bakıdakı qəzada isə 55 yaşlı kişi komaya düşdü. Neçə-neçə insanı həyatı və sağlamlığı ilə sınağa çəkən qəzalar barədə qarşıdakı sujetdə daha ətraflı.

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qobu qəsəbəsində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və qardaşı 7 yaşlı Muradı vurub. Xəsarət alan azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, Rüstəm orada vəfat edib.

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. Olay Kürdəxanı qəsəbəsində qeydə alınıb. Paytaxt sakini, 55 yaşlı Kazım Ağayarov yolun kənarında hərəkət edən zaman yüksək sürətlə gələn minik avtomobili onu vurub. Yaralı təcili tibbi yardım xidməti vasitəsilə 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, yaralı xəstəxanaya komatoz vəziyyətdə daxil olub.

Bakının Xəzər rayonunda da piyadanın vurulması ilə nəticələnən qəza olub. Binə qəsəbəsində 55 yaşlı Rəfael Şiriyev yolu keçərkən minik avtomobilinin zərbəsinə tuş gəlib. Yaralı xəstəxanaya yerləşdirilib.

Xaçmazda baş verən qəzada iki bacı xəsarət alıb. Hadisə Xaçmaz-Xudat yolunda qeydə alınıb. “VAZ-2106” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində 9 yaşlı Rəfiqə Xəlilova və bacısı, 3 yaşlı Şəfiqə xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Bakı-Quba yolunda avtomobil aşıb. Hadisə magistralın Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qubadan Bakıya gələn "Mitsibushi" markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını aşırıb. Qəza zamanı sürücü, Bakı şəhər sakini, 64 yaşlı Molgif Rəhimov və sərnişini xəsarət alıb. Onlar ətrafdakıların köməyi ilə maşından çıxarılıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Minik vasitəsi yararsız hala düşüb. Qəzaya səbəb kimi sürət həddinin aşılması göstərilir. Faktlarla bağlı araşdırmalar davam etdirilir.