• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1417
— 15.08.2020 12:32

Təhsil müəssisələrinin açılması araşdırılır

KepezTV Player

Dünya üzrə yoluxma sayı 21 milyondan artıqdır.

Azərbaycanda rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışının, qabaqlayıcı tədbirlərin nəticəsidir. Günlərdən asılı olaraq qismən və cüzi artma müşahidə olunur, bu da insanların aktivlik dinamikası ilə bağlıdır". Hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi rayonlarda yoluxma sayına təsir göstərir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Hikmət Hacıyev təhsil müəssisələrinin açılması məsələsinin araşdırıldığını və öyrənildiyini də bildirib. Digər ölkələrin təcrübələrinə müraciət edilir.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisi:“Çox sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən forumlarda valideynlərin, ekspertlərin iştirakı ilə bu məsələ müzakirə edilir. Yekdil qərar barədə danışmaq hələ çox tezdir. Burada peşə məktəbləri, orta məktəblər, ali təhsil müəssisələri ilə bağlı qaydalar tətbiq olunmalıdır. Digər ölkələrdə də bu məsələ ciddi müzakirə edilir. Hətta bəzi ölkələrdə məktəblərin bir qədər gec açılması məsələsi də müzakirə olunur”.

Məhərrəm ayı ilə bağlı müraciət

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Məhərrəm ayı ilə bağlı da vətəndaşlara müraciət edib. Mərasimlərlə bağlı epidemioloji vəziyyət nəzərə alınmalıdır.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisi: “Mömin insanların inanclarına çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn Məhərəm ayı ilə bağlı keçiriləcək dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik. Biz vətəndaşlarımızın və inanclı şəxslərin müəyyən olunan qaydalara riayət edəcəyini gözləyirik.

2 peyvəndin hazırlanması üzrə iş

"Bu gün üçün 2 peyvəndin hazırlanması istiqamətində işlər gedir". Bunu isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması vacibdir.

Yaqut Qarayeva Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin şöbə müdiri: "Ən tez zamanda təsdiq olunmuş peyvəndin GAVI təşkilatından alınıb ölkəyə gətirilməsi üçün müzakirələr gedir".

Siyahı Maliyyə Nazirliyinə təqdim olunub

Sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı 2-ci mərhələdə fərdi və mikro sahibkarlara 250 manat maliyyə dəstəyinin göstərilməsi hissəsi başa çatıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın sözlərinə görə, bu çərçivədə 49,3 min fərdi və mikro sahibkara ödəniş aparılıb.