Ehtiyatsızlıq və diqqətsizliyin başa gətirdiyi müsibətlərlə yanaşı, insanın bilərəkdən bəlanı çağırdığı hallar da olur. Elə qarşıdakı xəbərimizin dırnağarası qəhrəmanları da belə ediblər. Həmin şəxslər qanundan yayınaraq narkotiklərin dövriyyəsi ilə məşğul ola biləcəklərini düşünsələr də, buna nail ola bilməyiblər. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri keçiriblər. 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini Məhərrəm Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı üzərindən 130 qram heroin, 171 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunub. Tağıyevin Qaraçuxur qəsəbəsində yaşadığı evdən isə əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqrama yaxın tiryək aşkar olunaraq götürülüb.
Sabunçu rayonu ərazisində keçirilən növbəti tədbir zamanı isə Xocavənd rayon sakini Nicat Tağıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 300 qrama yaxın heroin aşkarlanaraq götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən daha bir əməliyyat zamanı Cəbrayıl rayon sakini Elçin Quliyev tutulub. Üzərindən 5 qram heroin, 5 qram tiryək, Abşeron rayonu Digah qəsəbəsində yol kənarında gizlətdiyi yerdən isə 6 kiloqram heroin və 700 qram tiryək aşkar olunaraq götürülüb.
Əməliyyatlar nəticəsində 15 kiloqramdan artıq narkotik vasitəqanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Bakı şəhərində qəbul edib və gizlədiblər. Onlar ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməli imişlər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 1847