• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 13.08.2020 20:46

7 məntəqəni birləşdirən yol

KepezTV Player

Ölkədə regionların yol infrastrukturunun yenilənməsi və daha da müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir. Şəhər və rayonlararası rahat gediş-gəlişin təmini ilə yanaşı, kənd yollarının inşası və yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Samuxda 7 yaşayış məntəqəsini birləşdirən yolun yenilənməsi bu qəbildəndir.

Prezident sərəncamı ilə Samuxda Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi gedir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan inşa işləri uzunluğu 39.5 km olan yerli əhəmiyyətli yolu əhatə edir. Bu, 28.1 km-lik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdı.

Layihə çərçivəsində mövcud örtük qazılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Yeni yol yatağı işlənən ərazilərdə qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri görülür.

İnşası gedən yol Gürcüstanla dövlət sərhədinə yaxın ərazidə yerləşir. Yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini yaxşılaşdıracaq.

Yeni yolun çəkilməsi birbaşa vətəndaşların rahatlığına xidmət edir. Bu ərazidə yaşayan sakinlər də yol infrastrukturunun yenilənməsindən məmnundurlar.

Yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol əsası hazır olan ərazilərdə 230 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Aparılan işlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır.