Bildiyiniz kimi hal-hazırda 13 şəhər və rayonda, o cümlədən Gəncədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Məhz bununla əlaqədar olaraq karantin rejiminin tələblərinə əməl edilməsinə ciddi nəzarət olunur. Polis tərəfindən mütamadi olaraq reydlər keçirilir. Şəhərə giriş-çıxış da tam nəzarətdədir. Bir gündə Gəncəyə icazəsiz şəkildə daxil olmaq və ya şəhəri tərk etmək istəyən 1000-ə yaxın avtomobil geri qaytarılıb.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə şəhər ərazisində gücləndirilmiş rejimdə xidmət apararaq mütəmadi olaraq reydlər təşkil edirlər. Bu dəfə keçirilən tədbir zamanı şəhərin Nizami prospektində sərnişin avtobuslarına baxış keçirilib. İctimai nəqliyyat vasitələrində sürücü və sərnişinlər arasında şəffaf arakəsmələr yoxlanılıb. Həmçinin sərnişinlərin ara məsafəsi saxlayaraq əyləşməsinə nəzarət edilib. Reyd zamanı taksi fəaliyyəti ilə məşğul sürücülərin karantin rejimi qaydalarını pozması faktına rast gəlinib.
Bundan başqa, reydlər şəhərin qərb girişində də təşkil edilib. Gəncəyə daxil olan və şəhərdən çıxan avtomobillər yoxlanılıb. İcazəsiz şəkildə Gəncəyə gəlmək istəyən vətəndaşlar öz rayonlarına geri qaytarılıblar.
Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Təşkil edilən reydlər zamanı qapalı yerlərdə tibbi maskanın istifadə edilib edilməməsi, şəhərə digər rayonlardan gəlişin qarşısının alınması, eyni zamanda şəhər sakinlərinin icazəsiz Gəncə şəhərini tərk etməsinin qarşısını almaqdan iabrətdir.
Nazilər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində karantin rejimi avqustun 31-dək davam edəcək. 13 şəhər və rayonda, o cümlədən Gəncədə isə sərtləşdirilmiş karantin rejimi tətbiq olunur.
- Baxış: 1355